İQTİSADİYYAT
“Gömrük Laboratoriyasının Modernləşdirilməsi” üzrə ÜGT-nin milli seminarı işinə başlayıb
Bakı, 12 iyun, AZƏRTAC
İyunun 12-də Ümumdünya Gömrük Təşkilatının (ÜGT) Bakı şəhərindəki Regional Tədris Mərkəzində “Gömrük Laboratoriyasının Modernləşdirilməsi” üzrə ÜGT-nin milli seminarı işinə başlayıb.
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, seminarda Dövlət Gömrük Komitəsinin ixtisaslaşmış və ərazi gömrük idarələrinin əməkdaşları iştirak edir.
İtaliya Gömrük Xidməti Məhsulların təhlili və kimyəvi laboratoriyalar üzrə Mərkəzi Direktorluğunun nümayəndəsi Alessandro Proposito və Ümumdünya Gömrük Təşkilatının baş texniki əməkdaşı Alvaro Fernandez dəvət üçün və əldə etdikləri təcrübələri bölüşmək fürsəti yaradıldığına görə təşəkkürlərini ifadə ediblər. Təcrübə mübadiləsinin hər iki tərəf üçün faydalı olacağını bildirən ekspertlər seminarın qarşılıqlı əməkdaşlıq münasibətlərinin gücləndirilməsi və gələcəkdə də davam etməsinə imkan yaradacağını vurğulayıblar.
3 gün davam edəcək seminar zamanı Avropa, İtaliya və Azərbaycan gömrük laboratoriyalarının fəaliyyəti, həmçinin “Harmonik Sistem Konvensiyası, ona düzəliş proseduru və komitələrin və alt-komitələrin oynadığı rol”, “IR-FT və fiziki-kimyəvi metodlardan istifadə edərək polimerlərin identifikasiyası (HDPE, LDPE, LLDPE və sopolimerlər)”, “Polietilen dənəciklərinin sıxlığının və polimerlərdə sopolimerlərin miqdarının ölçülməsi”, “Qaz xromatoqrafiyası-kütlə spektrometrindən və İnfraqırmızı Fourier spektrometrindən istifadə etməklə qeyri-müəyyən nümunələrin müəyyənləşdirilməsi, nəticələrin şərhi”, “Gömrük Laboratoriyasının gündəlik iş rejiminə təsir göstərən tövsiyələr də daxil olmaqla ÜGT-nin 10 Tövsiyəsi haqqında məlumat”, “Dərman vasitələrinin və digər qida əlavələrinin təsnifatı, pərakəndə satış üçün qablaşdırmalar” və digər mövzularda iştirakçılara məlumat veriləcək.