CƏMİYYƏT
Gömrük nəzarətindən gizlədilən 8 min siqaret aşkar edilib
Bakı, 1 fevral, AZƏRTAC
Biləsuvar Gömrük İdarəsinin gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə İran İslam Respublikasından Azərbaycan Respublikasına yük avtomobilində qaçaqmalçılıq yolu ilə tütün məmulatının gətiriləcəyi barədə məlumat daxil olub.
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, məlumat əsasında, idarənin “Qoşa Təpə” gömrük postunda İran İslam Respublikasından Azərbaycan Respublikasına yüksüz vəziyyətdə gələn və Azərbaycan vətəndaşının idarə etdiyi “MAZ” markalı yük avtomobili əsaslı şəkildə yoxlanılıb.
Yoxlama nəticəsində, avtomobilin müxtəlif hissələrində malların aşkar edilməsini çətinləşdirən üsuldan istifadə etməklə, gömrük nəzarətindən gizlədilmiş 8 min ədəd “Manchester” adlı siqaret aşkar olunub.
Faktla bağlı araşdırma aparılır.