CƏMİYYƏT
Gömrük nəzarətindən gizlədilən külli miqdarda tütün məmulatı aşkarlanıb
Bakı, 24 may, AZƏRTAC
Biləsuvar Gömrük İdarəsinin əməkdaşları gömrük nəzarətindən gizlədilən külli miqdarda tütün məmulatı aşkarlayıb.
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, idarənin “Qoşa Təpə” gömrük postunda İran İslam Respublikası ərazisindən tranzit keçməklə Naxçıvan Muxtar Respublikasından Azərbaycan Respublikasına gələn Azərbaycan vətəndaşının idarə etdiyi “Kamaz” markalı yanacaq daşıyan çənli yük avtomobilinə xidməti axtarış itinin tətbiqi ilə baxış keçirilib.
Xidməti itin reaksiyası əsasında, avtomaşının qoşqusu ətraflı yoxlanılıb.
Nəticədə, qoşqunun orta hissəsində, döşəmə ilə çənin arasındakı boşluqda, malların aşkar edilməsini çətinləşdirən üsuldan istifadə etməklə gömrük nəzarətindən gizlədilən, Azərbaycan Respublikasının aksiz markasıyla markalanmayan cəmi 31 min ədəd “D&J” və “Manchester” adlı siqaret aşkarlanaraq götürülüb.
Faktla bağlı araşdırma aparılır.