CƏMİYYƏT
Gömrük nəzarətindən gizlədilən mobil telefon aksesuarları və siqaretlər aşkar edilib
Bakı, 11 aprel, AZƏRTAC
Gömrük nəzarətindən gizlədilən mobil telefon aksesuarları və siqaretlər aşkar edilib.
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinin əldə etdiyi məlumat əsasında “Sınıq Körpü” gömrük postunun idxal nəzarəti zonasına Gürcüstan istiqamətindən daxil olan Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi “Mercedes Benz” markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.
Yoxlama zamanı avtomobilin arxa oturacağının arxasından aksiz markası olmayan 2800 ədəd “Parliament” və 4000 ədəd “Marlboro gold edge” markalı siqaret, salonunda xüsusi düzəldilən saxlanc yerindən isə mobil telefonlara məxsus 100 ədəd USB kabel, 100 ədəd adapter başlığı, 100 ədəd qulaqcıq, 45 ədəd batareya, 25 ədəd “Samsung” markalı mobil telefonların qutuları aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.