CƏMİYYƏT


Gömrük orqanlarında xidmətə yeni qəbul olunmuş əməkdaşlar and içib

Bakı, 10 may, Elvin Camalov, AZƏRTAC

Mayın 10-da xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü tədbirləri çərçivəsində gömrük orqanlarında xidmətə yeni qəbul olunmuş əməkdaşların andiçmə mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Aydın Əliyev müstəqil Azərbaycan dövlətinin banisi Heydər Əliyevin doğum günündə keçirilən andiçmə mərasiminin əhəmiyyətinə toxunub, gömrükçülərin üzərinə mühüm vəzifələr düşdüyünü bildirib. Komitə sədri vurğulayıb ki, gömrükçülər Heydər Əliyev siyasətinə, dövlətçiliyimizə sadiq olduqlarını sübut etməklə, Azərbaycanın iqtisadi təhlükəsizliyini qorumaq üçün Gömrükçü Andı içirlər.

Dövlət Gömrük Komitəsinin son illər apardığı islahatlara, baş verən yeniliklərə toxunan Komitə sədri bildirib ki, xarici ticarətin inkişaf etdirilməsi və sərhəd-keçid məntəqələrinin iş rejiminin sürətləndirilməsi görülən işlərə nümunədir. Dövlət Gömrük Komitəsi yalnız idxal-ixrac əməliyyatlarına deyil, həmçinin ölkənin mədəniyyətinin, turizmin inkişafı və təhlükəsizliyin qorunması üçün çalışan orqandır.

“Qaçaqmalçılıq yolu ilə antik əşyaların, malların, narkotik vasitələrin ölkəyə gətirilməsinin qarşısını almaqda gömrükçülərin zəhməti böyükdür. Ötən il yalnız tranzit yolu ilə gətirilən 1 ton 130 kiloqram narkotik vasitə gömrükçülər tərəfindən aşkarlanıb”, – deyə A.Əliyev vurğulayıb.

Onun sözlərinə görə, son illərdə Gömrük Komitəsində müasir texnologiyaların tətbiqi və mütəxəssislərin yetişdirilməsi işləri həyata keçirilib. Belə ki, Komitə “Elektron bəyannamə”nin tətbiqi ilə işin səmərəliliyini daha da artırıb. Mütəxəssislərin hazırlanması və kadr potensialının artırılması üçün Gömrük Akademiyası, Dünya Gömrük Təşkilatının Bakı şəhərindəki Potensialın Gücləndirilməsi Tədris Mərkəzi bu sahədə böyük işlər görür.

A.Əliyev müstəqil Azərbaycan Gömrük Xidmətinin keçdiyi inkişaf yoluna nəzər salaraq, xüsusilə, 1995-ci ildən başlayaraq gömrük sistemində qazanılan böyük uğurların məhz Ulu Öndərin bu sahəyə diqqət və qayğısı nəticəsində mümkün olduğunu qeyd edib. Vurğulayıb ki, Heydər Əliyevin siyasəti bu gün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən böyük uğurla davam etdirilir.

Komitə sədri gənc gömrük əməkdaşlarına tövsiyələrini verib, onları ilk növbədə vicdanlı olmağa, öz vətənini dərindən sevməyə, ölkə qanunlarına riayət etməyə, ümummilli lider Heydər Əliyevin amallarına sadiq qalmağa səsləyib.

Sonda gömrük orqanlarında xidmətə yeni qəbul olunmuş 25 nəfər əməkdaş Gömrükçü Andı içib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.