CƏMİYYƏT
Gömrük sərhədində bəyan etməməklə külli miqdarda xarici valyutanın gətirilməsinin qarşısı alınıb
Bakı, 8 fevral, AZƏRTAC
Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda xarici valyutanı Azərbaycan Respublikasının gömrük sərhədindən bəyan etməməklə keçirməyə cəhdin qarşısını alıblar.
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Gəncə-Sankt-Peterburq aviareysi ilə getmək üçün Gəncə Beynəlxalq Hava Limanına gələn Rusiya Federasiyasının vətəndaşı Susən İsmayılova gömrük nəzarətindən keçərkən üzərində olan xarici valyutanı nə yazılı, nə də şifahi şəkildə bəyan edib.
S.İsmayılovanın hərəkətləri şübhə doğurduğu üçün gömrük əməkdaşları tərəfindən saxlanılaraq onun əl çantası yoxlanılıb, eləcə də üzərində şəxsi yoxlama aparılıb.
Yoxlama zamanı S.İsmayılovaya məxsus əl çantasının içərisindəki şəxsi əşyaların arasından, onun əvvəlcədən gömrük nəzarətinə təqdim etmədiyi 67 ədəd - hər biri 100 ABŞ dolları nominalında pul əsginazları olmaqla, cəmi 6700 ABŞ dolları aşkar olunub.
Faktla əlaqədar Dövlət Gömrük Komitəsinin İstintaq İdarəsində araşdırma aparılır.