REGİONLAR
“Gömrük və gənc nəsil” mövzusunda görüşlər davam etdirilir
Bakı, 14 yanvar, AZƏRTAC
Azərbaycan Respublikası gömrük xidmətinin yaradılmasının 25 illik yubileyi ilə əlaqədar “Gömrük və gənc nəsil” mövzusunda məktəblilərlə görüşlər davam etdirilir.
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Yevlax Gömrük İdarəsinin yerlərdə keçirdiyi növbəti belə görüşlər Şəki şəhərindəki 14 nömrəli tam orta məktəbdə və Mingəçevir şəhəri Texniki Humanitar Liseyində təşkil olunub.
İdarənin əməkdaşları məktəblilərə ümummilli lider Heydər Əliyevin gömrük işinin təşkil edilməsi sahəsindəki xidmətlərindən söhbət açıblar. Hazırda isə bu siyasətin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi və həyata keçirilən islahatlar nəticəsində Azərbaycan gömrüyünün keyfiyyətcə yeni inkişaf mərhələsinə daxil olduğu bildirilib.
Şagirdlərə Azərbaycan Gömrük Xidmətinin ölkənin iqtisadi mənafeyini və təhlükəsizliyini qoruduğu, qaçaqmalçılıq və gömrük qaydalarının pozulması hallarına qarşı mübarizə apardığı, dünyanın inkişaf etmiş ölkələrinin gömrük orqanları və aidiyyəti beynəlxalq təşkilatlarla əməkdaşlıq əlaqələri barədə də məlumat verilib.