REGİONLAR
“Gömrük və gənc nəsil” mövzusunda növbəti görüş təşkil olunub
Bakı, 13 yanvar, AZƏRTAC
Yevlax Gömrük İdarəsinin “Gömrük və gənc nəsil” mövzusunda keçirdiyi növbəti görüş Qəbələ şəhərindəki Şirvan Bülqədirov adına 5 nömrəli tam orta məktəbdə təşkil olunub.
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Azərbaycan Respublikası gömrük xidmətinin yaradılmasının 25 illik yubileyi ilə bağlı təşkil olunan tədbirdə idarənin əməkdaşları Nurlan Nuriyev, Ramil Mədətov və Xətayi Məmmədli iştirak ediblər.
Gömrük əməkdaşları məktəblilərə ümummilli lider Heydər Əliyevin gömrük işinin təşkil edilməsi sahəsindəki xidmətlərindən söhbət açıblar. Vurğulanıb ki, məhz Ulu Öndərin rəhbərliyi altında milli gömrük siyasəti formalaşıb, gömrük sahəsində qanunvericilik bazası yaradılıb, gömrük orqanları müasir avadanlıqlar və texniki vasitələrlə təchiz olunub, dünya standartlarına cavab verən gömrük sistemi yaradılıb. Hazırda isə bu siyasət Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Daha sonra məktəblilərə Azərbaycan Gömrük Xidmətinin quru, hava və dəniz yollarında ölkənin iqtisadi mənafeyini və təhlükəsizliyini qoruduğu, qaçaqmalçılıq və gömrük qaydalarının pozulması hallarına qarşı mübarizə apardığı, dünyanın inkişaf etmiş ölkələrinin gömrük orqanları və aidiyyəti beynəlxalq təşkilatlarla əməkdaşlıq əlaqələri barədə də məlumat verilib.
Tədbirin sonunda məktəbin rəhbərliyi bu kimi görüşlərin şagirdlərin dünyagörüşünün genişlənməsində, onların intellektual səviyyəsinin yüksəlməsində mühüm rol oynadığını bildirib və belə tədbirlərin məhz şagirdlərin təhsil aldıqları məktəblərdə keçirilməsinə görə gömrük əməkdaşlarına minnətdarlığını ifadə edib.