REGİONLAR
Gömrükçülər birinci yarım ili uğurla başa vurublar
Naxçıvan, 31 iyul, AZƏRTAC
Bu ilin altı ayı ərzində muxtar respublikanın gömrük orqanları tərəfindən dövlət büdcəsinin formalaşdırılması məqsədilə müəyyən olunmuş illik proqnoz tapşırıq 82 faiz yerinə yetirilib. Toplanan vəsait Naxçıvan Muxtar Respublikasının büdcə gəlirlərinin 14,6 faizini təşkil edib. Keçən ilin eyni dövrü ilə müqayisədə büdcəyə köçürülmüş ödənişlər 665 min manat çox olub.
AZƏRTAC xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsində keçirilən kollegiya iclasında komitənin sədri, gömrük xidməti general-leytenantı Asəf Məmmədov məlumat verib.
Bildirilib ki, 2015-ci ilin birinci yarımilində muxtar respublikanın sosial-iqtisadi inkişafına müvafiq olaraq gömrük işinin keyfiyyəti daha da artırılıb, maddi-texniki bazanın gücləndirilməsi istiqamətində işlər görülüb. Belə ki, ötən dövr ərzində “Naxçıvanterminalkompleks” Birliyi üçün inşa olunan yeni kompleksin tikintisi davam etdirilib, inzibati bina ilə yanaşı, beynəlxalq standartlara cavab verən anbarların yenidən qurulması işi yekunlaşdırılıb. Sədərək sərhəd gömrük-buraxılış məntəqəsinin baş planına uyğun olaraq, ərazidə lazımi torpaqlama işləri görülüb və yeni gömrük kompleksinin tikintisinə başlanılıb. Culfa sərhəd-keçid məntəqəsində minik avtomaşınları və sərnişinlərin daha rahat keçidinin təmin olunması üçün bina inşa olunub, binada rentgen nəzarəti qurğusu quraşdırılıb.
Qanunvericiliyə əsasən, gömrük rüsumu və vergilərin bank, POS-terminal və ya internet üzərindən elektron qaydada ödənilməsi təmin edilib.
Qeyd olunub ki, cari ilin birinci yarısında 33 xarici dövlətlə ticarət əməliyyatları aparılıb, muxtar respublikanın xarici ticarət dövriyyəsi 208 milyon 291 min ABŞ dolları olub. Muxtar respublikanın sosial-iqtisadi inkişafının məntiqi nəticəsi olaraq bu il də ixracın həcmi idxalı üstələyib, xarici ticarət dövriyyəsinin 88 faizi ixrac, 12 faizi isə idxal əməliyyatlarının payına düşüb. İdxal-ixrac əməliyyatları üzrə yaranan müsbət saldo 160 milyon 550 min ABŞ dolları olub. 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə ixracın həcmi 5 faiz artıb, idxalın həcmi isə 140 faiz azalıb.
İxracın 79 faizini sənaye, 21 faizini kənd təsərrüfatı məhsulları, idxalın 31,8 faizini sənaye məhsulları, 31,6 faizini nəqliyyat vasitələri və onların hissələri, 0,8 faizini ərzaq məhsulları, 8,1 faizini tikinti materialları, 27,7 faizini isə digər mallar təşkil edib.
Komitə sədri bildirib ki, hesabat dövründə narkotik vasitələrin, psixotrop tərkibli dərmanların, pirotexniki vasitələrin, habelə milli-əxlaqi keyfiyyətlərimizə mənfi təsir göstərən elektron məlumat daşıyıcılarının, dini dəyərlərimizlə uzlaşmayan dini kitab və broşürlərin, odlu və soyuq silahların xaricdən qanunsuz yollarla muxtar respublikaya gətirilməsinin qarşısı alınıb.
Bəhs olunan dövrdə daxili bazarın qorunması istiqamətində də tədbirlər davam etdirilib. Belə ki, idxal mallarının keyfiyyətinə ciddi nəzarət olunub, cari ilin ilk 6 ayı ərzində keyfiyyət göstəriciləri müvafiq tələblərə cavab vermədiyindən 72 min 766 kiloqram əmtəə geri qaytarılıb, 1832 kiloqram əmtəə isə müvafiq qaydada məhv edilib.
Daxili bazarın qorunması istiqamətində tədbirlərin muxtar respublika iqtisadiyyatının inkişafındakı rolunu xüsusi vurğulayan komitə sədri qeyd edib ki, dördüncü çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin on birinci sessiyasında Dövlət Gömrük Komitəsinə daxili bazarın qorunması məqsədilə kənd təsərrüfatı məhsullarının idxalının mövsümə uyğun tənzimlənməsinin davam etdirilməsi tapşırılıb. Asəf Məmmədov vurğulayıb ki, “Kənd təsərrüfatı ili”ndə gömrük orqanları tərəfindən kənd təsərrüfatı məhsullarının xaricdən gətirilən eyniadlı malların təsirindən qorunması işi daim diqqətdə saxlanılmalı, yerli məhsulların daxili bazardakı payı nəzərə alınmaqla, sonrakı dövrlərdə də bu iş davam etdirilməlidir.
Sonda mövzu ətrafında çıxışlar olub.