CƏMİYYƏT
Gömrükçülər əl yüklərindən soyuq silahlar aşkarlayıb
Bakı, 2 noyabr, AZƏRTAC
Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən Moskva-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşının baqajına rentgen aparatı ilə baxış zamanı monitorda bıçağa bənzər predmetin təsviri görünüb.
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, gömrük əməkdaşlarının həmin baqajı təkrar yoxlaması nəticəsində vətəndaşın çamadanından 1 ədəd tünd qəhvəyi rəngli gövdəsi olan süngü-bıçaq aşkar edilib.
Moskva-Gəncə aviareysi ilə gələn digər Azərbaycan vətəndaşının baqajına rentgen aparatı ilə baxış zamanı isə monitorda “beşbarmağ”a oxşar əşyanın təsviri görünüb. Gömrük əməkdaşları həmin baqaja təkrar yoxlama keçirərkən vətəndaşın çantasından 1 ədəd gümüşü rəngli metaldan hazırlanmış “beşbarmaq” aşkar olunub.
Daha bir hadisə Frankfurt-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşının baqajına rentgen aparatı ilə baxış keçirilən zaman aşkar olunub. Baxış zamanı monitorda dəyənək təsviri əks olunub. Gömrük əməkdaşları həmin baqajı təkrar yoxladıqda vətəndaşın çamadanından 1 ədəd qara rəngli metaldan hazırlanmış dəyənək aşkar edilərək götürülüb.
Bütün faktlarla bağlı araşdırma aparılır.