CƏMİYYƏT


Gömrükçülər qədim dövrə aid sikkələrin ölkədən çıxarılmasının qarşısını alıb

Bakı, 17 iyun, AZƏRTAC

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları qədim dövrə və orta əsrlərə aid, mədəni, tarixi, arxeoloji əhəmiyyət kəsb edən sikkələrin ölkədən çıxarılmasının qarşısını alıblar.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Bakı-Aktau aviareysi ilə getmək üçün Heydər Əliyev Beynəlxalq Aeroportuna gələn Azərbaycan Respublikası vətəndaşı Abbasov Mirəli Əzim oğlu üzərində olan və əvvəlcədən mütləq qaydada bəyan etməli olduğu əşyaları gömrük qanunvericiliyinin tələbinə əsasən gömrük orqanının müəyyən etdiyi yerdə, yəni "Qırmızı kanal" buraxılış sistemindən istifadə etməklə gömrük orqanına təqdim etmədən "Yaşıl kanal" buraxılış sistemindən istifadə etməklə gömrük nəzarətindən keçib. Lakin həmin şəxsin hərəkətləri şübhə doğurduğundan ona məxsus əl çantası rentgen aparatından keçirilib. Baxış zamanı gömrükçülər monitorda metal sikkələrə bənzər təsvirləri müşahidə edib. Bundan sonra Abbasov Mirəli Əzim oğlu müvafiq qanunvericiliyə uyğun olaraq gömrük yoxlamasına dəvət olunub. Yoxlama zamanı vətəndaşa məxsus əl çantasının içərisindən, əl-üz dəsmalına bükülü və müxtəlif hissələrdən tikilmiş vəziyyətdə, gömrük nəzarətindən gizlədilən, üzərlərində müxtəlif şəkil və yazılar həkk olunan 200 ədəd metaldan hazırlanmış sikkə aşkar edilib.

Aşkar edilən əşyalar Rüstəm Mustafayev adına Azərbaycan Milli İncəsənət Muzeyində ekspertizadan keçirilib. Ekspertizanın nəticələrinə görə, təqdim edilən predmetlər qədim dövrə və orta əsrlərə aiddir, mədəni, tarixi, arxeoloji əhəmiyyət kəsb edir. Eyni zamanda, həmin sikkələr Azərbaycan Respublikasının milli mədəniyyət əmlakının Dövlət Siyahısına daxil edilmiş mədəni sərvətlərə, mədəni sərvətlərin mühafizə siyahısına daxil edilmiş milli mədəni irs obyektlərinə aiddir və Azərbaycan Respublikasının ərazisindən aparılması qadağandır.

Faktla bağlı araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.