CƏMİYYƏT


Gömrükçülər zərgərlik məmulatlarının qanunsuz yolla ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısını alıblar VİDEO

Bakı, 3 fevral, AZƏRTAC

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları zərgərlik məmulatlarının qanunsuz yolla ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısını alıblar.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Dubay-Bakı aviareysi ilə gələn xanım sərnişin, Azərbaycan Respublikasının vətəndaşı gömrük nəzarətindən keçərkən saxlanılıb və gömrük bəyannaməsinin bəndləri üzrə sorğu-sual edilib. Vətəndaş isə üzərində gömrüyə bəyan ediləsi və ya gömrük nəzarətindən gizlədilmiş hər hansı bir əşyanın olmadığını bildirib.

Lakin şəxsi yoxlama zamanı, gömrük əməkdaşının vətəndaşı bədən üzvlərinin yoxlanılması üçün tibb işçisi dəvət olunacağı barədə xəbərdar etməsindən sonra həmin şəxs buna ehtiyac olmadığını və daxili orqanında gizlətdiyi əşyaları könüllü təqdim edəcəyini bildirib.

Daha sonra yoxlama otağına dəvət olunmuş hal şahidlərinin iştirakı ilə vətəndaş daxili orqanında gizlətdiyi sellofan bükümün içərisindəki qızıl-zinət əşyalarını - 12 ədəd üzük, 7 cüt sırğa, 2 ədəd qolbaq, 3 ədəd qolçaq, 4 ədəd boyunbağı və 1 ədəd kolyeni çıxararaq gömrük nəzarətinə təqdim edib.

Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin arayışına əsasən, sözügedən predmetlər ümumi çəkisi 354,70 qram olan 875/916 əyarlı qızıldan hazırlanmış zərgərlik məmulatıdır.

Faktla bağlı araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.