DÜNYA
“Google Drive” kompüterdəki bütün məlumatları “bulud” xidmətində saxlamağa imkan verəcək
Bakı, 16 iyun, AZƏRTAC
"Google" şirkəti yaxın vaxtlarda "Google Drive" "bulud" xidmətinin funksionalını genişləndirəcək və istifadəçilərə faylların ehtiyat köçürülməsi üçün öz kompüterlərində qovluq seçməyə imkan verəcək, halbuki indi yalnız "Google Drive" servisinin xüsusi qovluğundakı məlumatlar üçün ehtiyat köçürmə əlçatandır.
AZƏRTAC "hitech.newsru.ru" saytına istinadən xəbər verir ki, yeni funksiya iyunun 28-də fərdi kompüter və "Mac" üçün istifadəyə veriləcək "Backup and Sync" adlı proqramda əlçatan olacaq. Belə görünür ki, yeni proqram indiki "Google Drive app" proqramını və "Google Photos Backup" servisini əvəz edəcək. Şirkət sadə istifadəçiyə yeni proqram çıxan kimi onu yükləməyi və kompüterə quraşdırmağı tövsiyə edib. Korporativ müştərilər hələ ki "Drive File Stream" proqramının çıxarılmasına kimi "Google Drive" proqramından istifadə etməli olacaq.
"Google"un bu addımı ilə yəqin ki bir çox istifadəçinin rəğbətini qazanacaq. Belə ki, bir neçə il ərzində "Dropbox" servisinə belə funksionalın tətbiqi üzrə sorğular verilsə də, ancaq onun istifadəçiləri əvvəlki kimi sinxronlaşdırma üçün faylları xüsusi qovluğa yükləməlidir. Bu halda fərdi kompüterdəki istənilən məlumatın ehtiyat köçürülməsi imkanı pulsuz istifadə üçün əlçatan 15 giqabayt disk sahəsinin tez yüklənməsi ilə nəticələnəcək.