DÜNYA
Google kompaniyası: üç ayda 4,76 milyard dollar xalis gəlir
Bakı, 30 yanvar, AZƏRTAC
Google internet-korporasiyası 2014-cü ilin IV rübündə 4,76 milyard dollar təmiz gəlir əldə edib. Keçən ilin analoji dövrü ilə müqayisədə kompaniyanın qazancı 1,38 milyard dollar artıb.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, hesab dövrü ərzində kompaniyanın ümumi gəliri 15 faiz artaraq 18,1 milyard dollara çatıb. Gəlirin 69 faizinin Google-nin əsas saytının payına düşdüyünü vurğulayan korporasiya rüb ərzində mədaxilin də 2013-cü ilin analoji dövrü ilə müqayisədə 18 faiz artaraq 12,42 milyard dollara çatdığını qeyd edib.
Korporasiyanın məlumatında, eyni zamanda 2014-cü ilin IV kvartalında reklam kliklərinin qiymətinin 3 faiz ucuzlaşdığı da bildirilir.
Qeyd edək ki, Amerikanın Google Inc internet korporasiyası dünyada populyarlığına görə birinci olan Google axtarış sisteminin sahibidir. ComScore analitik şirkətinin statistikasına görə, 2013-cü ilin yekunlarına əsasən Google dünya axtarış bazarının 62,8 faizinə nəzarət edir. İnternet axtarış sistemindən başqa korporasiya dünyada ən məşhur YouTube video-hostinqinə, Gmail poçt servisinə və Google+ sosial şəbəkəsinə də sahibdir.
Həmçinin mobil qurğular üçün nəzərdə tutulmuş ОС Android sisteminin də yaradıcısı olan Google kompaniyasının aksiyaları NASDAQ fond birjasında təmsil olunur. Onun kapitallaşması 346,4 milyard dollar həcmində qiymətləndirilir.