DÜNYA
“Google”un xidmətlərindən istifadə edən 1 milyondan çox hesaba müdaxilə edilib
Bakı, 1 dekabr, AZƏRTAC
“Check Point” şirkətinin mütəxəssisləri tərəfindən “Android” mobil əməliyyat sistemi ilə işləyən qurğular üçün aşkar edilmiş zərərverici proqram təminatı “Google”un xidmətlərindən istifadə edən 1 milyondan çox hesaba müdaxilə edib.
“Gooligan” adlı zərərverici proqram “Android 4” (“Jelly Bean”, “KitKat”) və “5” (“Lollipop”) platforması ilə işləyən qurğuları virusa yoluxdurur və audentifikasiya üçün elektron poçt ünvanları və məlumatları ələ keçirir.
AZƏRTAC “gazeta.ru”ya istinadən xəbər verir ki, əldə olunan məlumata görə, oğurlanmış informasiya sayəsində hakerlər “Gmail”, “Google Photos”, “Google Docs”, “Google Play”, “Google Drive” və “G Suite” xidmətlərindən istifadə edənlərin məxfi məlumatlarına müdaxilə edə bilərlər.
“Check Point” şirkəti dərhal “Google”un təhlükəsizlik xidmətini bu hücum barədə məlumatlandırıb. Şirkət də öz növbəsində zərər çəkmiş istifadəçiləri məlumatlandırıb.