REGİONLAR
Goranboy istehsalçıları istixanalarla bağlı müasir təcrübəni öyrənirlər
Goranboy, 8 iyun, Rauf Hacıyev, AZƏRTAC
Gəncə Aqrobiznes Assosiasiyası (GABA) “Ağıllı fermer təsərrüfatı” layihəsi çərçivəsində yaradılmış istehsalçı qruplar üçün təlimlər keçirir.
AZƏRTAC xəbər verir ki, növbəti, üçüncü təlim Goranboy rayonunun Muzdurlar və Əzizbəyov kəndində G.A.P. (Qabaqcıl Aqrar Təcrübələr) standartları çərçivəsində istixanaların tikilməsi və təchizatı, istixanalar üçün şitil yetişdirilməsi ilə bağlı olub.
Bildirilib ki, təlimin keçirilməsində əsas məqsəd kənd sakinlərini və fermerləri dünyada tətbiq olunan qabaqcıl kənd təsərrüfatı təcrübələri və standartları barədə məlumatlandırmaqdır.
Hər iki kənddə keçirilmiş təlimlər fermerlər tərəfindən böyük maraqla qarşılandığı üçün qrup iştirakçılarından əlavə daha 12 fermer də təlimlərə qoşulub. İştirakçılara təlim materialları və broşürlər paylanılıb.
İstehsalçıların marağına səbəb olan təlimin sonunda ekspertlər fermerlərin suallarını cavablandırıb və tövsiyələrini veriblər.
Qeyd edək ki, “Ağıllı fermer təsərrüfatı” layihəsi ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) tərəfindən maliyyələşdirilir.