REGİONLAR
Goranboy rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsi üçün 2 milyon manat vəsait ayrılıb
Prezident İlham Əliyev oktyabrın 20-də Goranboy rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında Sərəncam imzalayıb.
AZƏRTAC xəbər verir ki, Sərəncamda regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarının yerinə yetirilməsi nəticəsində Goranboy rayonunun sosial-iqtisadi həyatında əsaslı dəyişikliklər baş verdiyi diqqətə çatdırılır. Bildirilir ki, rayonda əhalini narahat edən problemlərin həlli və infrastruktur layihələrinin yerinə yetirilməsi sahəsində mühüm tədbirlər həyata keçirilib, Gənclər Mərkəzi, Şahmat Məktəbi, Avtovağzal Kompleksi, 330 kV-luq “Goranboy” Paylayıcı Elektrik qurğusu, 45 ümumtəhsil məktəbi üçün binalar inşa edilib, Mədəniyyət Evi, 2000 yerlik şəhər stadionu, Dəliməmmədli şəhər xəstəxanası əsaslı təmir olunub, digər sosialyönümlü obyektlər istifadəyə verilib, yeni sənaye müəssisələri yaradılıb, avtomobil yolları çəkilib, Goranboy şəhərinin su və kanalizasiya sistemi yenidən qurulub, geniş abadlıq-quruculuq işləri görülüb.
Sərəncama əsasən, rayonun sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədi ilə Goranboy Rayon İcra Hakimiyyətinə 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 2 milyon manat ayrılıb.