REGİONLAR
Goranboyda mütaliə həftəsi: “Gəlin kitab oxuyaq”
Goranboy, 19 iyul, AZƏRTAC
Goranboy Rayon Mərkəzi Kitabxanasında Mədəniyyət və Turizm Nazirliyinin “Mütaliə həftəsi” layihəsi çərçivəsində “Gəlin kitab oxuyaq” adlı aksiya keçirilib.
AZƏRTAC xəbər verir ki, bir həftə davam edəcək aksiyanın keçirilməsində məqsəd oxucular arasında mütaliə və bədii qiraət mədəniyyətini yüksəltmək, həmçinin oxucuları müxtəlif kitablarla və yeni nəşrlərlə tanış etməkdir.
Oxuculara 400-dən artıq kitab və kitabça, 16 adda qəzet və jurnal təqdim olunub. Mütaliə həftəsində kitabxanaya yeni daxil olmuş və oxucular üçün maraq yaradan kitablar da nümayiş etdirilib. Yeni nəşrlər içərisində “Əbədiyaşar lider”, “Yaddan çıxmaz Qarabağ”, “Goranboy-85”, “Tarix qəhrəmanlığı unutmur”, “Yeni nəşrlər”, “Azərbaycan multikulturalizm məkanıdır” adlı kitablar da var.
Şəhər sakinlərinin marağına səbəb olan mütaliə həftəsində kitabsevərlər müxtəlif adda jurnal və qəzetlərlə tanış olduqdan sonra kitabxanaya abunə yazılıblar. Gələcəkdə də kitabxananın əməkdaşları bu cür aksiyaları davam etdirməklə yanaşı, oxucular üçün xidmətin daha maraqlı və cəlbedici formalarından istifadə etməyi nəzərdə tuturlar.
Mütaliə həftəsi iyulun 24-dək davam edəcək.