REGİONLAR


Goranboyda tikinti və abadlıq işləri davam etdiriləcək

A+ A

Goranboy, 18 oktyabr, Rauf Hacıyev, AZƏRTAC

Bu ilin doqquz ayında respublikanın digər şəhər və rayonlarında olduğu kimi, Goranboyda da tikinti və abadlıq işləri geniş vüsət alıb.

AZƏRTAC xəbər verir ki, cari ildə Goranboydakı kənd təsərrüfatı idarəsinin inzibati binasında tikinti, 3 saylı uşaq bağçasında isə bərpa-gücləndirmə və əsaslı təmir işləri başa çatdırılıb. Hazırda şəhid ailələri və Qarabağ müharibəsi əlilləri üçün fərdi evlərin tikintisi aparılır. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin inzibati binasında da tikinti işləri davam etdirilir.

Goranboy-Goran avtomobil yolunda 4 kilometrlik ikitərəfli yolun tikintisi başa çatıb, yola asfalt örtük salınıb, 2 min 200 metr kabel çəkilib, işıqlandırma sistemi qurulub. Şəhərin Heydər Əliyev prospektinə, 6 küçəyə, 3 binanın həyətinə, eləcə də rayon mərkəzi xəstəxanasından Qarasüleymanlı kəndinə gedən yola ümumilikdə 11 min 892 kvadratmetr asfalt örtük salınıb. Bundan başqa, 11 yaşayış binasının fasad hissələri və blokları təmir edilib, binalarda 15 min 400 kvadratmetr sahədə rəngləmə işləri aparılıb. Eyni zamanda, ayrı-ayrı küçələrdə qəzalı vəziyyətdə olan yaşayış binalarına baxış keçirilib. Həmin binaların yerində yenilərinin tikintisi üçün lazım olan sənədlər hazırlanaraq Nazirlər Kabinetinə təqdim edilib.

Şəhərin digər küçələrində yerləşən yaşayış binalarının dam örtüyünün dəyişdirilməsi və fasad hissələrinin təmiri isə ilin sonunadək davam etdiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.