REGİONLAR
Goranboyda ümumtəhsil məktəbləri müasir tələblər səviyyəsində qurulur
Goranboy, 27 avqust, Rauf Hacıyev, AZƏRTAC
Goranboy rayonunda təhsil infrastrukturunun və maddi texniki bazanın möhkəmləndirilməsi istiqamətində görülən işlərə uyğun olaraq son 6 ildə 24 məktəb və 2 əlavə tədris korpusu inşa edilib, 10 məktəbdə isə əsaslı təmir işləri aparılıb.
Hazırda rayonun ümumtəhsil məktəblərinin 85 faizinin maddi-texniki bazası müasir tələblərə cavab verir.
Goranboy Rayon İcra Hakimiyyətindən AZƏRTAC-a bildirilib ki, rayon üzrə ümumilikdə 16 məktəb binasının tikintisinə, 7 məktəb binasının isə əsaslı təmirə ehtiyac var.
Sərhəd bölgəsində yerləşən Aşağı Ağcakənd qəsəbə, Zeyvə, Todan, Buzluq, Gürzallar kənd və Goranboy şəhər 1 saylı tam orta məktəb binalarının tikintisi ilə bağlı Nazirlər Kabinetinə müraciət ünvanlanıb.
Eyni zamanda, Təhsil Nazirliyinin regional şöbəsi tərəfindən ehtiyac olan məktəblərə baxış keçirilib, Yolpaq kənd tam və Qurbanzadə kənd ümumi orta məktəb binalarının tikintisi, Sarov, Ağamalıoğlu, Muzdurlar, Səfikürd kənd, Qızılhacılı qəsəbə 1 saylı tam orta məktəb binalarının əsaslı təmiri üçün sənədlər hazırlanaraq nazirliyə təqdim edilib.