REGİONLAR
Goranboyda yaradılan aqroparka 4 min 695 hektar torpaq sahəsi ayrılıb
Goranboy, 28 aprel, Rauf Hacıyev, AZƏRTAC
Respublika üzrə yaradılan 33 aqroparkdan biri də Goranboy rayonunda tikilir.
Goranboy Rayon İcra Hakimiyyətindən AZƏRTAC-a bildirilib ki, aqroparkın fəaliyyətinin təşkili üçün rayon ərazisində 4 min 695 hektar torpaq sahəsi ayrılıb.
Aqroparka məxsus sahələrin suvarılması üçün Şəmkir maşın kanalından yeni su kəməri çəkiləcək. Hazırda kanalın ikinci hissəsinin tikintisində işlər sürətlə davam etdirilir. Yaxın vaxtlarda kanaldan Dəliməmmədli şəhəri ərazisinədək suyun verilməsi təmin olunacaq. Əkin sahələrinin su ilə təminatı həll edildikdən sonra burada taxıl, pambıq və digər texniki bitkilər əkiləcək, meyvə bağları salınacaq. Həmçinin aqroparkda logistika mərkəzinin, emal müəssisələrinin və soyuducu anbarın inşası da nəzərdə tutulub.
Aqroparkın fəaliyyəti rayonda məhsul istehsalının artmasına təkan verməklə yanaşı, xeyli sayda yeni iş yerinin yaradılmasına da səbəb olacaq.