REGİONLAR
Goranboyun daha iki kəndinə təbii qaz verilib
Bakı, 29 dekabr, AZƏRTAC
Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ərəfəsində, dekabrın 29-da Goranboy rayonunun Qaraçinar və Qaramusalı kəndlərinə ilk dəfə təbii qaz verilib.
“Azəriqaz” İstehsalat Birliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, 552 abonenti olan Qaraçinar kəndinin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 18 min 376 metr müxtəlif diametrli polietilen və ümumi uzunluğu 1446 metr müxtəlif diametrli metal borularla daşıyıcı, məhəllədaxili qaz xətləri çəkilib, mənzillərə 552 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.
224 abonenti olan Qaramusalı kəndinin qazlaşdırılması üçün isə birpilləli sistem əsasında ümumi uzunluğu 2 min 389 metr müxtəlif diametrli polietilen və ümumi uzunluğu 13 min 912 metr müxtəlif diametrli metal borularla daşıyıcı, məhəllədaxili qaz xətləri çəkilib, mənzillərə 224 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.
Hazırda Goranboy rayonunun daha 5 kəndində - Sarov, Yəhərçi Qazaxlar, Yolpaq, Goranlı və Səmədabad kəndlərində tikinti quraşdırma işləri davam etdirilir. Yaxın günlərdə tikintisi başa çatmış yaşayış məntəqələrinə ardıcıllıqla təbii qazın verilişi təmin olunacaq.
Kənd sakinləri və ictimaiyyət nümayəndələri yaşayış məntəqələrinə təbii qazın verilməsinə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.