MƏDƏNİYYƏT
Görkəmli Litva pianoçusu və bəstəkarı Bakıda ustad dərsi keçib
Bakı, 29 oktyabr, Aynur İsmayılova, AZƏRTAC
Oktyabrın 29-da “Landmark Rotunda” caz klubunda görkəmli Litva pianoçusu və bəstəkarı Dainius Pulauskas cazsevərlər üçün ustad dərsi keçib.
AZƏRTAC xəbər verir ki, ustad dərsi Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Mədəniyyət Fondunun birgə təşkilatçılığı ilə ənənəvi olaraq Bakıda keçirilən Beynəlxalq Caz Festivalı çərçivəsində reallaşdırılıb.
Bildirilib ki, 1996-cı ildə yaranan qrup festival çərçivəsində 22 illik yubileyini qeyd edir. Qrup bütün dünyanı dolaşıb, nüfuzlu caz festivallarında iştirak edərək ondan çox studiya albomu yazdırıb.
Bütün iştirakçıları salamlayan D.Pulauskas Bakını çox sevdiyini, şəhərin gözəlliyinə valeh olduğunu söyləyib, insanların qonaqpərvərliyindən danışıb.
Ustad dərsinə kiçik musiqi konserti ilə davam edən Dainius Pulauskas və qrupu hit caz musiqi nömrələri ilə yanaşı, dünya caz əsərlərinə, müxtəlif mövzulara həsr olunmuş kompozisiyalara da müraciət edib.