SİYASƏT


“Görkəmli adamların həyatı” seriyasından “Heydər Əliyev” kitabı Vyetnam dilində nəşr olunub

Bakı, 11 may, AZƏRTAC

Yazıçılar Hüseynbala Mirələmovun və Viktor Andriyanovun “Görkəmli adamların həyatı” seriyasından “Heydər Əliyev” kitabı Vyetnam dilində nəşr olunub. Azərbaycanın Vyetnamdakı səfirliyi paytaxt Hanoyda kitabın təqdimatını təşkil edib.

Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, tədbirdə Vyetnam Kommunist Partiyasının, Xarici İşlər Nazirliyinin, digər dövlət qurumlarının rəsmiləri, diplomatlar, bu ölkənin ali təhsil ocaqlarının nümayəndələri, Azərbaycan universitetlərinin vyetnamlı məzunları, KİV nümayəndələri iştirak ediblər.

Azərbaycanın Vyetnamdakı səfiri Anar İmanov ümummilli lider Heydər Əliyevin Azərbaycan dövləti və xalqı naminə misilsiz xidmətlərindən bəhs edib. Səfir dahi şəxsiyyət, görkəmli dövlət xadimi Heydər Əliyevin müdrikliyi, siyasi uzaqgörənliyi sayəsində ölkəmizin Sovet İttifaqı dönəmində, həmçinin müstəqillik illərində əldə etdiyi nailiyyətlər barədə danışıb. Bildirib ki, xüsusilə 1990-cı illərin əvvəllərində ölkəmizin çətin iqtisadi vəziyyətlə, vətəndaş müharibəsi təhlükəsi ilə üzləşdiyi vaxtda, eləcə də Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində ərazisinin 20 faizinin işğal olunması və bir milyondan çox insanın öz doğma yurdlarından didərgin düşməsi ilə daha da ağırlaşan vəziyyətdə dövlət müstəqilliyinin qorunub saxlanması, sabitliyin bərpa olunması, bununla yanaşı, Azərbaycanın iqtisadi inkişaf yoluna qədəm qoymasında ümummilli lider Heydər Əliyevin əvəzolunmaz rolu var.

A.İmanov əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş, Azərbaycanın dövlət müstəqilliyi və iqtisadi inkişafının qarantına çevrilmiş enerji strategiyası barədə danışıb, ölkəmizin ildən-ilə daha da gücləndiyini, yerləşdiyi regionda lider dövlətə çevrildiyini, beynəlxalq aləmdə mövqelərinin möhkəmləndiyini bildirib.

Ulu öndər Heydər Əliyevin Azərbaycan və Vyetnam xalqları arasında dostluq münasibətlərinin inkişafındakı rolundan söhbət açan diplomat 1983-cü ildə Heydər Əliyevin Sovet İttifaqı Nazirlər Şurası sədrinin birinci müavini qismində Vyetnama səfərindən sonra yüzlərlə azərbaycanlı mütəxəssisin Vyetnamın neft sənayesinin qurulmasında iştirak etmək üçün bu ölkəyə göndərildiyini, minlərlə vyetnamlı gəncin Bakıda təhsil almağa gəldiyini diqqətə çatdırıb.

Səfir A.İmanov Vyetnam dilində dərc olunan “Heydər Əliyev” kitabının Vyetnam ictimaiyyəti üçün Ulu Öndərin Azərbaycan tarixindəki rolu barədə daha geniş məlumat almaq imkanı yaradacağını deyib.

Vyetnam parlamentinin deputatı, Vyetnam-Azərbaycan Dostluq Təşkilatının sədri, Elm və Texnologiyalar Assosiasiyaları Birliyinin vitse-prezidenti Nqiem Vu Xai Vyetnam xalqının böyük dostu, tarixi şəxsiyyət Heydər Əliyev haqqında Vyetnam dilində kitabın dərc olunmasından məmnunluğunu ifadə edib. Dünya səviyyəsində tanınmış siyasətçi, dövlət xadimi Heydər Əliyevin Vyetnam xalqı üçün də doğma olduğunu qeyd edən Nqiem Vu Xai, Ulu Öndərin siyasi irsinin öyrənilməsinin böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb. O, Vyetnam xalqının Heydər Əliyevin 1982-1987-ci illərdə Sovet İttifaqı Nazirlər Şurası sədrinin birinci müavini çalışdığı dönəmdə Vyetnama dəstəyini hər zaman xatırladığını qeyd edib.

Tədbir Vyetnam Milli Orkestrinin üzvlərinin ifasında Azərbaycan və Vyetnam musiqilərindən ibarət konsert proqramı ilə davam edib. Mərasimdə ümummilli lider Heydər Əliyev haqqında video nümayiş etdirilib, kitabın nüsxələri tədbir iştirakçılarına paylanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.