MƏDƏNİYYƏT
Görkəmli aktyor Səməndər Rzayevin yubileyi Dövlət Film Fondunda qeyd olundu VİDEO
Bakı, 4 mart, Günel Əfəndiyeva, AZƏRTAC
Martın 4-də Dövlət Film Fondunda Azərbaycanın görkəmli kino və teatr aktyoru Səməndər Rzayevin 70 illik yubileyi qeyd olunub.
AZƏRTAC xəbər verir ki, tədbir Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı və Dövlət Film Fondunun təşkilati dəstəyi ilə keçirilib. Mərasimdə aktyora həsr edilmiş fotosərgi nümayiş olunub, onun yaratdığı obrazlar qalereyasından ibarət videoçarx göstərilib.
Kinematoqrafçılar İttifaqının icraçı katibi Cəmil Quliyev sənətkarın ömür yolundan və yaradıcılığından söz açıb. Qeyd olunub ki, Azərbaycan teatrı 1960-cı illərin ortalarında gənc və istedadlı nümayəndələri ilə parlamağa başlayıb. S.Rzayev də yaradıcı potensialı yüksək olan belə sənətkarlardan idi. Teatr və kinoda yaddaqalan obrazlar yaratması onun zəngin potensialından və peşəkarlığından qaynaqlanırdı.
Daha sonra kinoşünas Aydın Kazımzadə, xalq artisti Rafiq Əzimov və başqaları S.Rzayevlə bağlı xatirələrini bölüşüblər.