CƏMİYYƏT


Görkəmli alim Aleksandr Baqriy Ukrayna və Azərbaycanı sonsuz məhəbbətlə sevirdi

A+ A

Kiyev, 10 noyabr, AZƏRTAC

Jitomir Dövlət Texnologiya Universitetinin (JDTU) Ukrayna-Azərbaycan Tədris və Mədəniyyət Mərkəzində görkəmli alim, tanınmış ədəbiyyatşünas, tərcüməçi Aleksandr Vasilyeviç Baqriyin anadan olmasının 125 illiyinə həsr olunan təntənəli tədbir keçirilib.

Əslən ukraynalı olan gənc alim ötən əsrin 20-ci illərində Azərbaycana gəlib və taleyini həmişəlik olaraq ölkəmizlə bağlayıb. Professor A.Baqriy sahə biblioqrafiyasının və Azərbaycanda şevçenkoşünaslıq elmi məktəbinin banisidir. Azərbaycan xalqının və Qafqazın digər xalqlarının folklorunun öyrənilməsi və təbliğində Baqriyin böyük xidmətləri var.

Tədbir iştirakçılarına bu barədə JDTU-nun birinci vitse-rektoru, professor, iqtisadiyyat elmləri doktoru Oksana Oleynik və universitetin humanitar elmlər kafedrasının dosenti Yuliya Kondratyuk məlumat veriblər.

Natiqlər vurğulayıblar ki, “Azərbaycan və Aleksandr Vasilyeviç Baqriyin elmi irsi” layihəsinin, “İnkişaf və sülh” İctimai Birliyinin rəhbəri Namaz Mustafayev professor A.Baqriyin həyat və fəaliyyətinin populyarlaşdırılması ilə bağlı böyük iş görür. N.Mustafayev Azərbaycanda və Ukraynada, o cümlədən Jitomir, Kiyev, Poltava və Uman şəhərlərində görkəmli alimə həsr olunmuş tədbirlər silsiləsinin təşəbbüskarıdır.

Sonra professor A.Baqriy barədə danışan JDTU-nun tələbələri böyük şair Taras Şevçenkonun şeirlərini söyləyib, onun şeirlərinə bəstələnmiş mahnılar ifa ediblər. Bundan başqa, tədbirdə Azərbaycan milli musiqisi səslənib, Səkinə Xəlilovanın ifasında “Ukrayna-Azərbaycan” mahnısının videoçarxı nümayiş olunub.

Görkəmli alim, tanınmış ədəbiyyatşünas, tərcüməçi Aleksandr Vasilyeviç Baqriyin yubileyinin JDTU-nun Ukrayna-Azərbaycan Tədris və Mədəniyyət Mərkəzində qeyd edilməsi xalqlarımızın mənəvi yaxınlığını bir daha nümayiş etdirir.

JDTU-nun rektorluq və professor-müəllim heyətinin üzvlərinin çıxışlarında vurğulanıb ki, Jitomir Dövlət Texnologiya Universiteti həm təhsil, həm də elmi tədqiqatlar üçün Azərbaycan vətəndaşlarının üzünə həmişə açıq olacaq.

Zeynal Ağazadə

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.