ELM VƏ TƏHSİL


Görkəmli alim Ənvər Şıxlinskinin kolleksiyası kitabxanaya təqdim olunub

Bakı, 21 aprel, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) bu elm müəssisəsinin təşkilatçılığı ilə, AMEA-nın akademik H.Əliyev adına Coğrafiya İnstitutunun mərhum direktoru, akademiyanın müxbir üzvü, coğrafiya elmləri doktoru Ənvər Şıxlinskinin kolleksiyasının təqdimatı olub.

MEK-dən AZƏRTAC-a bildiriblər ki, tədbirdə Ə.Şıxlinskinin keçdiyi ömür yolu barədə slayd təqdim edilib, alimin elmi fəaliyyəti barədə məlumat verilib. Qeyd edilib ki, Ə.Şıxlinski ölkəmizdə iqlimşünaslığın əsasını qoyanlardan biridir. Alim ilk dəfə on bir iqlim qurşağından doqquzunun Azərbaycanda olmasının elmi əsaslarını verib.

MEK-in beynəlxalq və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mübariz Göyüşlü bildirib ki, bu cür təqdimatlar kitabxanaya verilən kolleksiyaların, ziyalıların əsərlərinin, fondlarda qorunan incilərin ictimaiyyətə təqdim olunması məqsədi daşıyır.

Sonra kitabxanaya bağışlanan kolleksiya barədə məlumat verilib. Qeyd edilib ki, kolleksiyada müxtəlif elm sahələrinə dair kitablar var.

Coğrafiya İnstitutunun baş elmi işçisi, coğrafiya üzrə fəlsəfə doktoru Məhərrəm Həsənov və digər çıxış edənlər alimlə bağlı xatirələrini bölüşüb, onun yüksək insani keyfiyyətlərindən söz açıblar.

M.Həsənov Ə.Şıxlınskinin elmi fəaliyyəti, gördüyü işlər, apardığı tədqiqatların nəticələri barədə danışıb.

Sonda alimin nəvəsi, rəssam Səbinə Şıxlinski və həyat yoldaşı Heybət Babayev babalarının kitab kolleksiyasının kitabxanaya təqdim edilməsindən qürur duyduqlarını söyləyib, MEK-in rəhbərliyinə və iştirakçılara minnətdarlıqlarını bildiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.