ELM VƏ TEXNOLOGİYA


Görkəmli alim İsmayıl İbrahimov son mənzilə yola salınıb VİDEO

A+ A

Bakı, 16 iyul, P.İmanova, AZƏRTAC

Respublikanın tanınmış alimi və ictimai xadimi, Sosialist Əməyi Qəhrəmanı, SSRİ Dövlət Mükafatı laureatı, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, “Şərəf” ordenli, Əməkdar Elm Xadimi, texnika elmləri doktoru, professor İsmayıl İbrahimov iyulun 16-da ikinci Fəxri xiyabanda dəfn edilib.

AZƏRTAC xəbər verir ki, vida mərasimində Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) rəyasət heyətinin üzvləri, respublikanın tanınmış elm adamları, ictimaiyyətin nümayəndələri iştirak ediblər.

AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun direktoru, akademik Telman Əliyev görkəmli alimin səmərəli elmi fəaliyyətindən, Azərbaycanda kibernetika, idarəetmə sistemləri, avtomatlaşdırma və informasiya texnologiyalarının inkişafında mühüm xidmətlərindən danışıb. Bildirilib ki, İ.İbrahimovun simasında Azərbaycan elmi və təhsili böyük alimi itirib. Azərbaycan Sənaye İnstitutunun energetika fakültəsində ali təhsil alan İ.İbrahimov ölkəmizdə informatika və kibernetikanın əsasını qoyub. AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun və indiki İdarəetmə Sistemləri İnstitutunun yaradılmasında, bir sıra sənaye obyektlərinin, vizual mərkəzlərin açılmasında alimin çox böyük əməyi olub. O, müasir dövrdə respublikamızda informatika və kibernetika sahələrinin yüksək səviyyədə inkişafında mühüm xidmətlər göstərib.

AMEA-nın akademik-katibi, akademik Rasim Əliquliyev İ.İbrahimovun həyatından, Azərbaycan elminin inkişafına verdiyi töhfələrdən söz açıb. Qeyd edilib ki, 1930-cu illərin əvvəllərində ilk dəfə informatika peşəsi üzrə təhsil alan İ.İbrahimovun bu sahənin inkişafında əvəzsiz xidmətləri olub. Azərbaycanda informatika sahəsinin banisi olan alim, eyni zamanda, respublikamızda təhsilin inkişafına böyük töhfələr verib. Azərbaycanın ilk informatiki olan İ.İbrahimov indiki Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin əsasını qoyanlardan biridir. Ölkəmizdə neftçi kadrların hazırlanmasında böyük xidmətlər göstərmiş alimin tələbələri bu gün respublikamızda və xarici ölkələrdə fəaliyyətlərini uğurla davam etdirirlər. O, alim, təşkilatçı, pedaqoq, ictimai xadim kimi ömrünü öz xalqına həsr edib. İ.İbrahimov 1970-ci ildə Azərbaycan SSR Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində çalışıb. Bu gün ölkəmizdə elektronika, radiotexnika, telekommunikasiya sahəsində fəaliyyət göstərən zavodların, elmi müəssisələrin yaradılmasında onun böyük xidmətləri olub.

Alimin elmi və ictimai fəaliyyəti hər zaman dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. Akademik İ.İbrahimov ümummilli lider Heydər Əliyev tərəfindən yüksək mükafatlara layiq görülüb, keçmiş SSRİ zamanında Sosialist Əməyi Qəhrəmanı fəxri adını alıb. O, elmi fəaliyyətini ömrünün sonunadək AMEA-da davam etdirib. Yüksək insani keyfiyyətlərə malik akademikin həyat yolu gənc nəsil üçün örnəkdir. Alimin əziz xatirəsi, zəngin elmi irsi daim yaşayacaq, xalqımıza, elmimizə xidmət edəcək, nəsillərdən-nəsillərə ötürüləcək.

Allah rəhmət eləsin!

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.