ELM VƏ TƏHSİL
Görkəmli alim İsrafil Quliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş konfrans keçirilib VİDEO
Bakı, 1 mart, AZƏRTAC
Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) görkəmli alim, texnika elmləri doktoru, professor İsrafil Quliyevin anadan olmasının 100 illik yubileyinə həsr edilmiş “Dəniz neft və qaz yataqlarının işlənilməsinin aktual problemləri” mövzusunda konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, martın 1-də konfransın yekunu ilə bağlı təşkil olunan tədbirdə ADNSU-nun rektoru, professor Mustafa Babanlı görkəmli alim İsrafil Quliyevin mənalı ömür yolundan, elmi yaradıcılığından, əldə etdiyi yüksək nailiyyətlərdən danışıb.
Qeyd olunub ki, İ. Quliyev 1949-cu ildə namizədlik, 1959-cu ildə doktorluq dissertasiyası müdafiə edib. Alim 300-dən çox elmi məqalənin, 17 monoqrafiya və kitabın müəllifidir. Onun məqalələri müxtəlif dillərə tərcümə edilib və dünyanın ayrı-ayrı ölkələrində nəşr olunub.
Alimin elmi araşdırmaları “Azərbaycanda dəniz nefti”, “Dənizdə neft hasilatı”, “Dənizdə neft quyularının tikintisinin əsas məsələləri”, “Sualtı neft hasilatı qurğuları” və digər monoqrafiya və kitablarında öz əksini tapıb.
“Dənizneftlayihə” İnstitutunun direktor müavini və direktoru olmuş və digər mühüm vəzifələrdə çalışmış İsrafil Quliyevin rəhbərliyi altında dənizdə neft-qaz qurğularının işlənməsi elmi istiqaməti müəyyənləşdirilib. Alim dəniz neft sənaye hidrotexnikasının yaradılmasının banilərindən biri olub, nəzəri və praktik xassəli əsaslı tədqiqatlar həyata keçirib.
Elmi kadrların hazırlanmasında mühüm xidmətləri olan İ. Quliyev müxtəlif ölkələrdə keçirilən tədbirlərdə məruzələr edib. Səmərəli xidmətlərinə görə alim orden və medallarla təltif olunub, “SSRİ-nin fəxri neftçisi” adına layiq görülüb.
ADNSU-da professor İsrafil Quliyevin adına təqaüd təsis edilməsi barədə qərar qəbul olunduğunu diqqətə çatdıran rektor M. Babanlı qeyd edib ki, təqaüd Qaz-neft mədən fakültəsinin “Neft-qaz mühəndisliyi” ixtisası üzrə təhsildə fərqlənən tələbələrə veriləcək.
AMEA-nın müxbir üzvü Elmira Ramazanova, professor Qafar İsmayılov, dosent Yaqub Səfərov, alimin nəvəsi, “Schlumberger” şirkətinin “Rezervuarların monitorinqi” şöbəsinin baş mühəndisi İsrafil Quliyev və digər çıxış edənlər də Azərbaycanda neft sənayesinin inkişaf mərhələlərindən bəhs edib, bu sahədə İ.Quliyevin əvəzsiz xidmətlərini vurğulayıblar.
Alimin qızı, dosent Gülarə İmanova elm və təhsil sahəsinə göstərilən diqqətə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya minnətdarlığını bildirib.