ELM VƏ TƏHSİL
Görkəmli alim, akademik Zərifə xanım Əliyevanın tibb elminə verdiyi töhfələrdən söz açılıb
Bakı, 28 aprel, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fiziologiya İnstitutunda görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 92-ci ildönümünə həsr edilən tədbir keçirilib.
AMEA-dan AZƏRTAC-a bildiriblər, əvvəlcə görkəmli alimin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə institutun direktoru, biologiya üzrə elmlər doktoru Ulduz Həşimova ömrünü Azərbaycan oftalmologiya elminin inkişafına həsr etmiş akademik Zərifə xanım Əliyevanın zəngin və mənalı ömür yolundan, pedaqoji və həkimlik fəaliyyətindən, tibb elminə verdiyi dəyərli töhfələrdən, yüksək insani keyfiyyətlərindən söz açıb.
Tədbirdə Zərifə xanım Əliyevanın təşəbbüsü ilə institutda yaradılmış peşə patologiyası və fiziologiyası elmi-tədqiqat laboratoriyasının fəaliyyəti xüsusi vurğulanıb.
Sonra bu elmi müəssisənin hüceyrə metabolizminin biofizikası laboratoriyasının rəhbəri, fizika-riyaziyyat elmləri doktoru Əhməd Hacıyev dünya şöhrətli alimin həyat və fəaliyyəti barədə məruzə ilə çıxış edib. Bildirilib ki, bu gün institutun bir neçə laboratoriyası göz büllurunun şəffaflığının qorunması, görmə funksiyasının pozulması ilə bağlı aparılan tədqiqatlar zamanı Zərifə Əliyevanın oftalmologiyada açdığı yollardan, bu istiqamətdə əldə etdiyi nailiyyətlərdən bəhrələnir.
Tədbirdə digər çıxış edənlər Zərifə Əliyevanı görkəmli alim, böyük şəxsiyyət kimi səciyyələndirən xüsusiyyətlərdən söz açıblar. Bildirilib ki, Zərifə xanım görkəmli oftalmoloq olmaqla yanaşı, həm də gözəl pedaqoq və ictimai xadim olub.