REGİONLAR


Görkəmli alimin 80 illiyinə həsr olunan beynəlxalq elmi konfrans keçirilib VİDEO

A+ A

Şamaxı, 22 oktyabr, Adil Ağayev, AZƏRTAC

Oktyabrın 22-də AMEA-nın N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında görkəmli alim, fizika-riyaziyyat üzrə elmlər doktoru, professor Cəfər Quluzadənin 80 illiyi münasibətilə beynəlxalq elmi konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, konfransı Şamaxı Astrofizika Rəsədxanasının direktoru, AMEA-nın müxbir üzvü Namiq Cəlilov açıb.

Sonra rəsədxananın elmi işlər üzrə direktor müavini, fizika-riyaziyyat elmləri namizədi Elçin Babayev, Bakı Dövlət Universitetinin fizika fakültəsinin dekanı, fizika-riyaziyyat elmləri doktoru, professor Məmmədəli Ramazanov, fizika-riyaziyyat elmləri namizədi, dosent Kəmalə Alışova çıxış ediblər.

Çıxışlarda görkəmli alimin keçdiyi zəngin həyat yolundan və qazandığı elmi nailiyyətlərdən bəhs olunub. Bildirilib ki, Leninqrad Dövlət Universitetinin məzunu olan Cəfər Quluzadə 2003-cü ildə “Günəşin ayırd olunmuş və ayırd olunmamış spektrində zəif və orta intensivlikli Fraunhofer xətlərinin profillərinin incə quruluşunun tədqiqi” mövzusunda doktorluq dissertasiyası müdafiə edib. Görkəmli alim 200-dən çox elmi məqalənin, 6 dərsliyin, 2 metodik göstərişin və 1 monoqrafiyanın, eləcə də Günəş fizikası sahəsində bir çox elmi-tədqiqat işlərinin müəllifidir. İlk dəfə olaraq differensial, inteqral qalıq və nisbi asimmetriya anlayışlarını təklif edib.

Təbriz Universitetinin professorları Ali Ajabshirizadeh və Samad Sobhanian çıxışlarında professor Cəfər Quluzadənin tədqiqatlarının elmə verdiyi töhfələri diqqətə çatdırıblar.

Elmi konfransda Sankt-Peterburqdan, Ukraynadan, Çexiyadan, Almaniyadan, İstanbuldan, Moskvadan professor Cəfər Quluzadənin 80 illiyi münasibətilə göndərilən təbrik məktubları oxunub.

Sonda professor beynəlxalq elmi konfransın təşkilatçılarına minnətdarlığını bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.