ELM VƏ TEXNOLOGİYA


Görkəmli alimin 90 illik yubileyi qeyd olunub [YENİLƏNİB]

A+ A

Bakı, 14 oktyabr, Maqsud Dadaşov, AZƏRTAC

Oktyabrın 14-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) görkəmli alim, böyük elm təşkilatçısı, AMEA-nın həqiqi üzvü, Rusiya elmlər Akademiyasının müxbir üzvü, texnika üzrə elmlər doktoru, professor, Əməkdar Elm Xadimi, dövlət mükafatı laureatı Midhət Abasovun 90 illik yubileyinə həsr olunan tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbiri açan AMEA-nın prezidenti, akademik Akif Əlizadə böyük alim Midhət Abasovun elmi və ictimai-siyasi fəaliyyəti haqqında danışıb, alimin neft və qaz yataqlarının işlənilməsinin nəzəriyyə və praktikası sahəsində çoxşaxəli fəaliyyətindən söz açıb. O, M.Abasovun Azərbaycanda elmi-ictimai düşüncənin formalaşmasında müstəsna rolunun olduğunu xüsusi vurğulayıb.

Tədbirdə görkəmli alimin şərəfli ömür yolundan danışan Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə “Neft və qaz yataqlarının işlənilməsi sahəsində görkəmli alim” mövzusunda məruzə ilə çıxış edib. Diqqətə çatdırılıb ki, M.Abasovun müxtəlif illərdə əldə etdiyi bir çox elmi nəticələr əhəmiyyətli elmi nailiyyətlər kimi SSRİ-nin və Azərbaycanın elmlər akademiyalarının illik hesabatlarına daxil edilib. Alim Azərbaycanda bir sıra karbohidrogen yataqlarının ilk kəşfiyyatçılarından biri olub.

Qeyd edilib ki, M.Abasov 650-dən artıq elmi məqalənin, 16 monoqrafiyanın müəllifidir. Bir sıra beynəlxalq elmi forum, konfrans və simpoziumlarda iştirak etmiş alimin rəhbərliyi ilə 21 elmlər doktoru və 40 elmlər namizədi hazırlanıb.

Tədbirdə, həmçinin AMEA-nın müxbir üzvü Zöhhak Abbasovun “Neft və qaz yataqlarının işlənilməsi sahəsində akademik Midhət Abasovun elmi məktəbi və onun nailiyyətləri”, akademiyanın müxbir üzvü Qərib Calalovun “Akademik M.Abasovun Azərbaycanda neft-qaz yataqlarının hidroqazdinamikası elmi sahəsində yaratdığı elmi məktəb və onun nailiyyətləri” mövzusunda məruzələri dinlənilib.

Sonra Rusiya Təbiət Elmləri Akademiyasının vitse-prezidenti, texnika elmləri doktoru Əzizağa Şahverdiyev, yazıçı Seyran Səxavət və başqaları alimlə bağlı xatirələrini bölüşüblər, M.Abasovu təkcə böyük alim deyil, həm də böyük insan kimi xarakterizə ediblər.

Sonda mərhum alimin ailəsi adından çıxış edən oğlu Teymur Abasov atasının xatirəsinə göstərilən hörmət və ehtirama görə tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.