ELM VƏ TƏHSİL
Görkəmli alimin elmi irsi araşdırılır
Bakı, 30 iyun, AZƏRTAC
Milli Elmlər Akademiyasının yaradılmasının 70 illik yubileyi ilə əlaqədar Azərbaycan Elmi-Tədqiqat və Layihə-Axtarış Energetika İnstitutunda respublikamızın ilk akademiklərindən olmuş İosif Yesmanın elmi irsi araşdırılır, alimin həyat və fəaliyyətinə həsr olunmuş kitab hazırlanır.
Bu barədə AZƏRTAC-a "Azərenerji" ASC-nin mətbuat xidmətindən məlumat verilib.
Qeyd olunub ki, Azərbaycanda elektroenergetika sahəsində elmi tədqiqatların, xüsusən, hidroenergetika istiqamətində məqsədyönlü elmi araşdırmaların aparılmasında, hidroqovşaqların və su elektrik stansiyalarının layihələndirilməsində müstəsna xidmətlər göstərmiş Azərbaycan Milli Elmlər Akademiyasının akademiki İ.Yesmanın vəfatından 60 il keçir. İosif Yesmanın rəhbərlik etdiyi və onun adını daşımış Azərbaycan EA Energetika İnstitutunun varisi olan Azərbaycan Elmi-Tədqiqat və Layihə Axtarış Energetika İnstitutunda alimin xatirəsi daim ehtiramla yad edilir.
İosif Yesman 1868-ci ilin dekabrın 1-də Belarusun Vileyka şəhərində anadan olub. O, 1887-ci ildə Sankt-Peterburq Texnologiya İnstitutuna daxil olub, 1892-ci ildə institutu fərqlənmə diplomu ilə bitirib.
Hidroenergetika sahəsində elmi tədqiqatların təşəbbüsçüsü kimi İosif Yesman Tbilisidə və Bakıda hidroenergetika institutlarının yaradılmasının, həmçinin enerji mənbələrindən istifadə üzrə layihələrin hazırlanmasının fəal iştirakçısı olub. Görkəmli alimin gərgin zəhməti hesabına təşkil edilmiş energetika sektorunun bazasında1941-ci ildə Azərbaycan Elmlər Akademiyasının Elmi-Tədqiqat Energetika İnstitutu yaradılıb. Ömrünün sonunadək bu instituta rəhbərlik edən Yesman daim yüksək nəzəri məsələlərin qoyuluşu ilə xalq təsərrüfatının cari məsələlərinin praktiki həllini uyğunlaşdırmağa nail olub.