ELM VƏ TƏHSİL
Görkəmli alimlərin yaradıcılığının, araşdırma ənənələrinin öyrənilməsi müasir elmin inkişafı üçün vacib amildir
Bakı, 26 oktyabr, AZƏRTAC
Oktyabrın 26-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami adına Ədəbiyyat İnstitutunda akademiyanın müxbir üzvü, Əməkdar Elm Xadimi Yaşar Qarayevin anadan olmasının 80 illik yubileyinə həsr edilən “Yaşar Qarayevin irsi: ədəbiyyatın tarixi və müasir problemləri” mövzusunda konfrans keçirilib.
İnstitutdan AZƏRTAC-a bildiriblər ki, tədbirdə AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli görkəmli alimlərin yaradıcılığının, araşdırma ənənələrinin öyrənilməsini müasir elmin inkişafı üçün vacib amillərdən biri kimi dəyərləndirib. O, bu baxımdan tədbirin əhəmiyyətini qeyd edib və görkəmli alimin Azərbaycan ədəbiyyatşünaslığı sahəsindəki xidmətlərindən danışıb.
Y.Qarayevin Azərbaycan ədəbiyyatşünaslığının görkəmli nümayəndələrindən biri olduğunu deyən İ.Həbibbəyli bildirib ki, onun yaradıcılıq konsepsiyası artıq elmi məktəbə çevrilib. Görkəmli alimi “ədəbiyyat nəzəriyyəçisi, realizmşünaslıq nəzəriyyəsinin yaradıcısı, ədəbiyyat tarixçisi” kimi səciyyələndirən akademik qeyd edib ki, Y.Qarayevin elmi yaradıcılığının, elmi araşdırma metodlarının öyrənilməsi ədəbiyyatşünaslığın inkişafı, gənc alimlər nəslinin yetişdirilməsi üçün əvəzsiz qaynaqlardan biridir.
Tədbirdə institutun şöbə müdirləri, professorlar Şirindil Alışanlı “Yaşar Qarayevin nəzəri irsi və müasir ədəbiyyatşünaslığın metodoloji axtarışları”, Tahirə Məmməd “Yaşar Qarayevin yaradıcılıq metodu konsepsiyası” mövzularında məruzələrlə çıxış ediblər.
Azərbaycanın Macarıstandakı səfiri, professor Vilayət Quliyev, filologiya elmləri doktorları Qəzənfər Paşayev, Rüstəm Kamal, Rahid Ulusel, filologiya üzrə fəlsəfə doktoru Aygün Bağırlı ədəbiyyatşünas alim Y.Qarayevin həyatı və yaradıcılıq xüsusiyyətləri barədə danışıblar.
Sonda İ.Həbibbəylinin elmi redaktorluğu ilə nəşr olunmuş “Yaşar Qarayev. Seçilmiş əsərləri” adlı 5 cildlik və “Yaşar Qarayev: Yaxından və uzaqdan. Məqalələr və xatirələr toplusu” kitabları konfrans iştirakçılarına təqdim olunub.