MƏDƏNİYYƏT


Görkəmli bəstəkar Fikrət Əmirovun xatirəsi anılıb

A+ A

Bakı, 22 noyabr, AZƏRTAC

Noyabrın 22-də görkəmli Azərbaycan bəstəkarı, SSRİ Xalq Artisti, Dövlət mükafatı laureatı, Sosialist Əməyi Qəhrəmanı Fikrət Əmirovun adını daşıyan 6 nömrəli onbirillik Uşaq İncəsənət Məktəbində bəstəkarın anadan olmasının 94 illiyi münasibətilə tədbir təşkil olunub.

AZƏRTAC xəbər verir ki, Bakı şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə reallaşan tədbir çərçivəsində əvvəlcə məktəbin nəzdində Fikrət Əmirov adına muzeyin açılışı olub.

Qonaqlara məlumat verib ki, muzeydə bəstəkarın kitabları, elmi məqalələri, musiqi əsərləri yer alıb. Bu da məktəbdə davamlı olaraq təhsil alan şagirdlərə F.Əmirovun yaradıcılığı ilə yaxından tanış olmağa imkan yaradacaq.

Sonra məktəbin akt zalında “Fikrət Əmirovun musiqisini ifa və təhlil edirik” adlı elmi ifaçılıq konfransı öz işinə başlayıb.

Konfransda Fikrət Əmirov adına 6 nömrəli onbirillik Uşaq İncəsənət Məktəbin direktoru, Əməkdar Müəllim Ədilə Yusifova çıxış edərək tədbirin əhəmiyyətindən danışıb.

Bildirib ki, təqdim olunan layihə məktəbin rəhbərliyi ilə aparıcı müəllimlərin, o cümlədən təhsil ocağının istedadlı şagirdlərinin əməyinin nəticəsidir.

Fikrət Əmirovun həyat və yaradıcılığından söz açan natiq qeyd edib ki, unudulmaz bəstəkar Azərbaycan musiqi tarixində müstəsna xidmətlərə malikdir. Onun yazdığı “Nizaminin xatirəsinə” simfoniyası, “Şur” və “Kürd ovşarı” simfonik muğamları və “Sevil” operası sənətkara böyük şöhrət qazandırıb.

Fikrət Əmirov müxtəlif janrlarda biri-birindən əsrarəngiz musiqi əsərləri yaratdığını bildirən Ə. Yusifova deyib ki, bəstəkarın “Azərbaycan kapriççiosu”, “Gülüstan-Bayatı-Şiraz”, “Nəsimi əfsanəsi” kimi simfonik əsərləri ona populyarlıq qazandırıb.

Vurğulanıb ki, öz yaradıcılığında Azərbaycan muğamlarından bəhrələnmiş bəstəkar improvizə və variasiya üsullarından istifadə etməklə sanballı polifonik əsərlər yaradıb.

Fikrət Əmirov bir sıra məşhur mahnıların, dram tamaşalarına və kinofilmlərə yazılmış musiqilərin müəllifidir. Həyatının son illərində F.Əmirov balet sənəti sahəsində daha çox işləyib. 1973-cü ildə o, “Nəsimi dastanı” baletini, 1979-cu ildə isə Şərq nağılları motivləri əsasında “Min bir gecə” baletini yazıb. Bu balet sənətkarın adını dillər əzbəri edib. Fikrət Əmirovun sonuncu irihəcmli əsəri “Nizami” baleti olub.

Daha sonra bir sıra tanınmış bəstəkarların qeyd olunan mövzuda məruzələri dinlənilib.

Tədbir “Min bir gecə” baletinin musiqisi əsasında rəqs ifaçılığı və rəsm əsərlərindən ibarət sərginin nümayişi ilə yekunlaşıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.