MƏDƏNİYYƏT
Görkəmli bəstəkar İsmayıl Hacıbəyovun xatirəsinə həsr edilmiş konsert
Bakı, 30 mart, AZƏRTAC
Martın 30-da Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında (BMA) görkəmli bəstəkar İsmayıl Hacıbəyovun xatirəsinə həsr edilmiş konsert olub.
AZƏRTAC xəbər verir ki, konsertdən əvvəl musiqişünas, əməkdar incəsənət xadimi, professor Zümrüd Dadaşzadə çıxış edərək tədbirin Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi və BMA tərəfindən birgə keçirilən “Üzeyir Hacıbəyli - 130” silsilə tədbirlər çərçivəsində reallaşdırıldığını bildirib. O, konsertin Bakı Musiqi Akademiyasında təşkil edilməsinin rəmzi xarakter daşıdığını qeyd edərək bəstəkarın ömrünün çox hissəsini bu təhsil ocağının divarları arasında keçirdiyini deyib.
İsmayıl Hacıbəyovun pedaqoji fəaliyyəti və yaradıcılığından söhbət açan musiqişünas bu iki istiqamətin bir-birini zənginləşdirdiyini söyləyib. Onu pedaqoq kimi xarakterizə edərək bildirib ki, İ.Hacıbəyov biliklərini tələbələri ilə səxavətlə bölüşürdü. Vurğulayıb ki, musiqi üslubunda neoklassizm səciyyəsi aparıcı rol oynayan bəstəkarın yaradıcılığı XX əsr musiqi salnaməmizin ayrılmaz hissəsidir. Bəstəkarın əsərlərinin mükəmməl bədii keyfiyyətləri ilə seçildiyini diqqətə çatdıraraq bildirib ki, onun başlanğıcda yazdığı əsərlərlə sonrakı dövr əsərləri arasında böyük fərq yoxdur.
Sonra musiqilər ifa olunub. Konsert proqramında İsmayıl Hacıbəyovun “Sevməcə”, “İstəklər”, “Səməd Vurğunun sözlərinə “Bahar” vokal silsiləsi”, “Paqanini mövzusuna variasiyalar” əsərləri, həmçinin Üzeyir Hacıbəylinin, Fərəc Qarayevin və bəstəkarın tələbələrinin musiqiləri səsləndirilib. Musiqiləri Ülviyyə Hacıbəyova, Fəridə Məmmədova, Nicat Salmanov, Əziz Qarayusifli və digərləri ifa ediblər.