MƏDƏNİYYƏT


Görkəmli bəstəkar Qara Qarayevin xatirəsi anılıb

Bakı, 6 fevral, AZƏRTAC

Fevralın 6-da Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında dahi Azərbaycan bəstəkarı, görkəmli alim, pedaqoq, ictimai xadim, SSRİ Xalq Artisti Qara Qarayevin anadan olmasının 99 illiyinə həsr edilən tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Dövlət Filarmoniyasının birgə təşkilatçılığı ilə baş tutan tədbirdə musiqişünas Nərgiz Kərimova çıxış edərək dahi bəstəkarın yaradıcılığından söz açıb. Bildirib ki, Qara Qarayev ənənədən yaradıcı tərzdə bəhrələnərək musiqinin yeni formalarını yaradıb.

Qeyd edilib ki, Qara Qarayevin Azərbaycan mədəniyyətinə XX əsrin ortalarından başlayaraq musiqi dili ilə gətirdiyi yeniliklər onu dünya səviyyəsinə qaldıraraq bəşəriyyətin ən öndə gedən sənətkarları sırasına çıxartdı. Gənc yaşlarından istedadının gücünə güvənərək dünya səviyyəli bəstəkarlarla tərəfdaşlıq edən, Üzeyir Hacıbəyli və Dmitri Şostakoviç kimi dahilərdən dərs almış Qara Qarayev böyük bir musiqi məktəbi ənənəsinin əsasını qoyub.

Vurğulanıb ki, Qara Qarayev görkəmli bəstəkar olmaqla yanaşı, həm də bənzərsiz pedaqoq idi. O, neçə-neçə istedadlı tələbə yetişdirərək Azərbaycan bəstəkarlıq məktəbinə böyük töhfələr verib. Onun yaratdığı musiqi məktəbi bu gün də öz ənənəsinə sadiqdir.

Sonra tədbir konsert proqramı ilə davam edib. Q.Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin şagirdlərinin və Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin birgə iştirakı ilə baş tutan konsertdə unudulmaz bəstəkarın əsərləri ilə yanaşı, Fikrət Əmirov, Vasif Adıgözəlov, Süleyman Ələsgərov, Nazim Əliverdibəyov, Hacı Xanməmmədov, İ.S.Bax və V.Montin musiqiləri səsləndirilib. 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.