REGİONLAR


Görkəmli bəstəkar Tofiq Bakıxanovla görüş

A+ A

Naxçıvan, 26 oktyabr, AZƏRTAC

Görkəmli bəstəkar, Xalq Artisti, Bakı Musiqi Akademiyasının professoru Tofiq Bakıxanovun Naxçıvan Muxtar Respublikası Bəstəkarlar Təşkilatında bəstəkarlarla görüşü olub.

AZƏRTAC xəbər verir ki, görüşdə Naxçıvan Muxtar Respublikası Bəstəkarlar Təşkilatının sədri, Naxçıvan Muxtar Respublikasının Əməkdar İncəsənət Xadimi Yaşar Xəlilov çıxış edərək Tofiq Bakıxanovun həyat və yaradıcılığına nəzər salıb, onun Azərbaycan bəstəkarlıq məktəbində böyük xidmətləri olduğunu qeyd edib.

Tofiq Bakıxanov Naxçıvanda musiqinin inkişafına göstərilən böyük qayğıdan danışıb. Vurğulayıb ki, son illərdə o, yaradıcılığının bir hissəsini qədim diyara həsr edib.

“Gələcəkdə yaradıcılığımı yenə də bu istiqamətdə davam etdirəcək, muxtar respublikanın dilbər guşələrindən biri olan Batabata həsr olunmuş mahnı bəstələyəcəyəm”, – deyən Tofiq Bakıxanov bildirib ki, Naxçıvana səfəri zamanı burada gördüyü təmizlik, abadlıq, inkişaf onu buna sövq edir. Bu gün Naxçıvan hər bir yaradıcı sənət adamı üçün əsl ilham mənbəyidir.

Tofiq Bakıxanov naxçıvanlı bəstəkarlara və gənc musiqiçilərə yaradıcılıq tövsiyələrini verib.

Bəstəkarın Naxçıvan Dövlət Universitetində musiqi ixtisasında təhsil alan tələbələrlə də görüşü keçirilib. Universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov qonağı salamlayaraq, Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli nümayəndəsinin zəngin yaradıcılığından danışıb.

Sonra incəsənət fakültəsinin müəllim və tələbələrinin ifasında Tofiq Bakıxanovun əsərləri səsləndirilib.

İfalardan və səmimi görüşdən razılığını bildirən bəstəkar gənc musiqiçilərə yaradıcılıq uğurları arzulayıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.