MƏDƏNİYYƏT


Görkəmli bəstəkarların yubileyləri silsilə tədbirlərlə qeyd olunacaq

Bakı, 14 fevral, AZƏRTAC

2017-ci il ölkəmizin musiqi mədəniyyəti əlamətdar hadisələrlə zəngindir. Bu il Azərbaycan musiqi incəsənətinin iki görkəmli nümayəndəsinin, tanınmış bəstəkarlar, Xalq artistləri Cövdət Hacıyev və Tofiq Quliyevin anadan olmasının 100 ili tamam olur.

Azərbaycan Bəstəkarlar İttifaqı bu bəstəkarları böyük ehtiramla yad edir və onların xatirəsinə həsr olunmuş bir sıra tədbirlər keçirməyi nəzərdə tutur.

Bu münasibətlə Bəstəkarlar İttifaqının Üzeyir Hacıbəyli adına konsert zalında görkəmli sənətkarların 100 illiklərinə həsr olunmuş kamera-instrumental və vokal əsərlərdən ibarət konsertlər keçiriləcək.

Bəstəkarlar İttifaqının mətbuat katibi İltifat Hacıxanoğlu AZƏRTAC-a bildirib ki, respublikanın aparıcı musiqişünaslarından ibarət böyük nümayəndə heyəti hər iki bəstəkarın yaradıcılığının və musiqi-ictimai fəaliyyətinin müasir nöqteyi-nəzərdən araşdırılması məqsədilə keçiriləcək simpozium və konfranslarda iştiraka cəlb olunacaq.

Bununla yanaşı, dahi bəstəkar və pedaqoq Qara Qarayevin 2018-ci ildə qeyd olunacaq 100 illiyi ərəfəsində də Bəstəkarlar İttifaqı konsertlər və elmi konfranslar keçirməyi nəzərdə tutur. Son illərdə Bəstəkarlar İttifaqının Ü.Hacıbəyli adına konsert zalında müntəzəm olaraq “Azərbaycan bəstəkarlarının əsərləri gənc ifaçıların təqdimatında” layihəsi üzrə silsilə konsertlər keçirilir. Bu il ərzində keçiriləcək həmin silsilə konsertlərin proqramları yubilyar-bəstəkarların yaradıcılığına əsaslanacaq. Artıq hazır olan musiqişünaslıq işləri musiqi ictimaiyyətinə təqdim olunacaq, həmçinin Qara Qarayevin yaradıcılığına həsr olunmuş yeni musiqi-nəzəri işlərin yaradılması təşəbbüsü irəli sürüləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.