ELM VƏ TƏHSİL
Görkəmli dövlət və elm xadimi Əziz Əliyevin fəaliyyəti gənc nəsil üçün örnəkdir
Bakı, 28 mart, AZƏRTAC
Martın 28-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) görkəmli dövlət və elm xadimi, tibb elmləri doktoru, professor Əziz Əliyevin 120 illik yubileyinə həsr olunan tədbir keçirilib.
ADNSU-dan AZƏRTAC-a bildiriblər ki, tədbirdə universitetin rektoru, professor Mustafa Babanlı Əziz Əliyevin müxtəlif məsul vəzifələrdə çalışdığı müddətdə dövlət idarəçiliyinin təkmilləşdirilməsində səmərəli fəaliyyət göstərdiyini, respublikada səhiyyə sisteminin və tibbi təhsilin formalaşmasına töhfələr verdiyini diqqətə çatdırıb. Görkəmli alimin olduqca mürəkkəb tarixi bir dövrdə yüksək təhsil aldığını deyən rektor vurğulayıb ki, onun fəaliyyəti gənc nəsil üçün örnəkdir.
ADNSU-nun ictimai fənlər kafedrasının müdiri, professor Camal Mustafayev Əziz Əliyevin səhiyyə sisteminin formalaşdırılmasına verdiyi töhfələrdən, İkinci Dünya müharibəsi illərində Cənubi Azərbaycanda apardığı işlərin əhəmiyyətindən söz açıb. Alimin 1941-1942-ci illərdə Azərbaycan KP MK-nın katibi vəzifəsində çalışdığını deyən C.Mustafayev onun 1942-1948-ci illərdə Dağıstan Vilayət Partiya Komitəsinin birinci katibi vəzifəsində də özünü bacarıqlı dövlət xadimi kimi göstərə bildiyini qeyd edib.
Dağıstan Vilayət Partiya Komitəsinin birinci katibi vəzifəsində çalışdığı illərdə Əziz Əliyevin Azərbaycan və Dağıstan xalqları arasında dostluq və qardaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsində böyük rol oynadığını deyən ADNSU-nun neft-qaz mühəndisliyi kafedrasının müdiri, professor Tulparxan Salavatov onun Dağıstan xalqlarının repressiyadan xilas olmasında göstərdiyi xidmətləri xüsusi vurğulayıb.
Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb.