MƏDƏNİYYƏT
Görkəmli dramaturq Cəfər Cabbarlının ev-muzeyinin fəaliyyətə başlamasından 35 il ötür
Bakı, 19 dekabr, Zərəngiz Mansurova, AZƏRTAC
Dekabrın 19-da Yasamal rayonundakı Heydər Əliyev adına Mədəniyyət Mərkəzində görkəmli dramaturq Cəfər Cabbarlının ev-muzeyinin fəaliyyətə başlamasının 35 illiyinə həsr edilmiş tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, ev-muzeyin direktoru, dramaturqun nəvəsi Qəmər Seyfəddinqızı muzeyin ümummilli lider Heydər Əliyevin şəxsi təşəbbüsü ilə açıldığını bildirib. Vurğulayıb ki, 57 eksponatla fəaliyyətə başlayan muzeydə hazırda 10 mindən çox tarixi eksponat qorunub saxlanılır.
Cabbarlışünas alim, filologiya elmləri doktoru Asif Rüstəmli muzeyin fəaliyyətindən, görkəmli dramaturqun yaradıcılığına həsr olunmuş tədqiqat əsərlərindən söhbət açıb. Bildirilib ki, muzeyin həyata keçirdiyi uğurlu layihələr arasında böyük ədibin müxtəlif janrlarda yazdığı əsərlərin toplandığı “Mənim tanrım gözəllik”, “Turan ellərinə salam”, “XX əsr Azərbaycan ədəbiyyatında C.Cabbarlının rolu” kitabları diqqəti xüsusilə cəlb edir.
Digər çıxış edənlər ev-muzeyinin ən uğurlu layihələrindən biri olan “Cəfər Cabbarlı” mükafatının tanınmış teatr, kino xadimlərinə, elm, ədəbiyyat və incəsənət adamlarına təqdim olunmasını yüksək dəyərləndiriblər.
Xalq artistləri Hacı Məmmədov, Rafiq Əzimov, Məleykə Əsədova və başqaları dramaturqun əsərlərinin onların səhnə həyatında mühüm rol oynadığını bildiriblər.
İ.Əbilov adına mədəniyyət mərkəzinin “Vurğun” teatrının üzvlərinin ifasında ədibin əsərlərindən ibarət kompozisiya nümayiş olunub.
Tədbirdə Cabbarlı irsinin tədqiqinə görə Mədəniyyət və İncəsənət Universitetinin kafedra müdiri, filologiya elmlər doktoru, professor Gülşən Əliyeva-Kəngərliyə “Cəfər Cabbarlı” mükafatı təqdim edilib.