ELM VƏ TEXNOLOGİYA


Görkəmli ədəbiyyatşünas alimin beşcildliyi nəşr olunub

A+ A

Bakı, 6 sentyabr, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami adına Ədəbiyyat İnstitutu tərəfindən AMEA-nın müxbir üzvü, Dövlət mükafatı laureatı, Əməkdar Elm Xadimi, görkəmli ədəbiyyatşünas alim, professor Yaşar Qarayevin “Seçilmiş əsərləri”ndən ibarət beş cildlik və “Yaşar Qarayev: yaxından və uzaqdan” adlı məqalələr və xatirələr toplusu işıq üzü görüb.

İnstitutdan AZƏRTAC-a bildiriblər ki, “Seçilmiş əsərləri”nin elmi redaktoru, professor Şirindil Alışanlı, tərtib edənləri isə Ş.Alışanlı və dosent Aygün Bağırovadır.

Beş cildliyə ədəbiyyatşünas alimin “Azərbaycan ədəbiyyatında faciə janrı”, “Səhnəmiz və müasirlərimiz”, “Tənqid: problemlər, portretlər”, “Poeziya və nəsr”, “Ədəbi üfüqlər”, “Xarı bülbülün nağılı”, “Realizm: sənət və həqiqət”, “Meyar şəxsiyyətdir”, “Tarix: yaxından və uzaqdan” və “Min ilin sonu” kitab və monoqrafiyaları, müxtəlif illərdə yazılan dövri mətbuatda dərc olunan elmi-publisistik məqalələri, məruzə və çıxışlarının mətnləri daxil edilib.

Y.Qarayev haqqında onun tələbələrinin, görkəmli ədəbiyyatşünas alimlərin yazdığı məqalələrin və xatirələrin toplandığı “Yaşar Qarayev: yaxından və uzaqdan” məcmuəsinin elmi redaktoru və “Ön söz”ün müəllifi AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəylidir. Akademik İ.Həbibbəylinin “Yaşar Qarayev: yaxından və uzaqdan” kitabına yazdığı “Görkəmli tənqidçinin portreti” adlı müqəddimədə deyilir: “Bu gün ötən XX əsrin ədəbi-elmi nəsillərini təhlildən keçirməli olsaq, Yaşar Qarayev elmdə mərkəzi fiqur olmaqla yanaşı, həm də keyfiyyət dəyişmələrinin əsas barometrlərindən biri kimi fikrimizə gələr. Yaşar Qarayev ustad müəllimləri – Əli Sultanlı, Məmməd Arif Dadaşzadə, Məmməd Cəfər Cəfərovla çoxsaylı yetirmələri olan yeni nəsil elmlər doktorları və namizədləri arasında etibarlı elmi-ədəbi və mənəvi körpüdür. Yaşar Qarayev müəllimlərinin istedadlı, görkəmli xələfi, davamçısı, xələflərinin isə böyük müəllimidir. Sələf-xələf münasibətlərindəki varislik, bütövlük, əhatəlilik, tamlıq və yaşarılıq milli ədəbiyyatşünaslıq elmimizdə Yaşar Qarayev məktəbini ortaya çıxarır”.

Kitabın tərtibçiləri filologiya üzrə elmlər doktoru, professor Şirindil Alışanlı və filologiya üzrə fəlsəfə doktoru, dosent Aygün Bağırovadır. Kitaba Azərbaycanın tanınmış alimləri Məmməd Arifin, Məmməd Cəfərin, Kamal Talıbzadənin, Bəkir Nəbiyevin, Tofiq Hacıyevin müxtəlif illərdə yazdıqları məqalələr və xatirələr daxil edilib. Buradakı məqalə və xatirələrin bir çoxu ilk dəfə oxuculara təqdim olunur.

Qeyd edək ki, “Seçilmiş əsərləri” çoxcildliyi “Elm”, məqalələr və xatirələr toplusu isə “Sabah” nəşriyyatlarında çap olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.