ELM VƏ TEXNOLOGİYA


Görkəmli kimyaçı alim Akif Əzizov vəfat edib

A+ A

Bakı, 20 noyabr, AZƏRTAC

Kimya elminin inkişafında mühüm xidmətləri olmuş görkəmli alim, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) həqiqi üzvü, əməkdar elm xadimi Akif Həmid oğlu Əzizov noyabrın 20-də 73 yaşında vəfat edib.

AMEA-nın Neft-Kimya Prosesləri İnstitutunun ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, professor Akif Əzizov Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının Kimya elmi üzrə Ekspert Şurasının sədri, AMEA‐nın Polimer Materialları İnstitutunun direktoru, AMEA NKPİ-də baş elmi işçi vəzifələrində çalışıb.

A.Əzizov neft kimyası, kataliz və yüksək molekullu birləşmələr kimyası sahələri üzrə tanınmış alimdir. Onun elmi fəaliyyətinin əsas istiqamətini neft‐kimya sintezi proseslərində metalkompleks və metalüzvi katalizatorların tətbiqi, oliqomerləşmə və polimerləşmə prosesləri üçün katalitik sistemlərin yaradılması, bir sıra yeni monomer və reaksiyaya qabil oliqomerlərin alınmasının, neft‐kimya və neft emalı proseslərində ion‐maye texnologiyalarının və s. elmi əsaslarının işlənib hazırlanması təşkil edib.

Alim 600-dən çox elmi və publisistik əsərin, o cümlədən 73 müəlliflik şəhadətnaməsi və patentin, 20 monoqrafiya və kitabın müəllifidir. Onun elmi əsərlərinin 350‐si xaricdə çap olunub.

A.Əzizov SSRİ Elmlər Akademiyasının I dərəcəli diplomu, “Əmək rəşadəti” medalı, “Soros” Fondunun Fərdi Qrantı, AMEA‐nın fəxri fərmanları, Azərbaycanın “Əməkdar elm xadimi” fəxri adı, Azərbaycan Kütləvi İnformasiya Vasitələri İşçiləri Həmkarlar İttifaqının Rəyasət Heyəti tərəfindən “Xalqın nüfuzlu ziyalısı” fəxri diplomu və ixtiraçılıq sahəsində birinci respublika müsabiqəsinin I dərəcəli diplomu, “Avropa Nəşr Mətbu Evi” mükafat komissiyasının qərarı ilə “Ən yaxşı vətənpərvər tədqiqatçı alim” qızıl medalı ilə təltif olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.