ELM VƏ TƏHSİL


Görkəmli kitabxanaşünas alim Rasim Kazımov elmi xidmət biblioqrafiyasının təməlini qoyub

Bakı, 20 may, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) bu qurumun təşkilatçılığı ilə görkəmli kitabxanaşünas alim Rasim Kazımovun 85 illik yubileyinə həsr olunan konfrans keçirilib.

Kitabxanadan AZƏRTAC-a bildiriblər ki, MEK-in direktoru Leyla İmanova görkəmli alim, pedaqoq, kitabxana işinin əvəzsiz təşkilatçısı və fədaisi R.Kazımovun həyat və fəaliyyətindən danışıb.

Qeyd edilib ki, MEK-in təşəbbüsü ilə qısa müddətdə R.Kazımovun həyatı, elmi və pedaqoji fəaliyyətini əks etdirən biobiblioqrafik göstəricilər çap və elektron formada, alimin 85 illik yubileyinə həsr olunan 12 cildlik biobiblioqrafik göstəricilər seriyası isə elektron formatda hazırlanıb.

Bakı Dövlət Universitetinin kitabxanasünaslıq-informasiya fakültəsinin professoru, Əməkdar Elm Xadimi Abuzər Xələfov konfransın ölkəmizdə kitabxanaçılıq həyatında önəmli yeri olan alimə həsr olunmasını yüksək dəyərləndirib, R.Kazımovla bağlı xatirələrini bölüşüb. R.Kazımovun ziyalı ailənin övladı olduğunu söyləyən A.Xələfov ilk dəfə elmi xidmət biblioqrafiyasının təməlinin görkəmli alim tərəfindən qoyulduğunu, elmi biblioqrafik şöbənin məhz onun adı ilə bağlı olduğunu diqqətə çatdırıb. Vurğulanib ki, AMEA-nın elm xadimlərinin biblioqrafik göstəricilər seriyasının yaradılmasının təşəbbüskarı da məhz R.Kazımov olub.

M.F.Axundov adına Milli Kitabxananın direktoru, professor Kərim Tahirov bildirib ki, vaxtilə R.Kazımovun verdiyi təkliflər hazırda Milli Kitabxananın biblioqrafiya şöbəsinin işinin əsasını təşkil edir. Mərhum alimin irəli sürdüyü təkliflər bu gün də bütün kitabxanaların elmi fəaliyyətinin istiqamətlərini təşkil edir. R.Kazımovun bütün kitabxanaşünas alimlərin elmi işlərinin müdafiəsində, onların elmi ad almalarında köməklik göstərməyə çalışdığını xüsusi vurğulayıb.

Digər çıxış edənlər alimlə bağlı xatirələrini bölüşüb, onun yüksək insani keyfiyyətlərindən, gənclərə qayğıkeş münasibətindən, ölkəmizdə kitabxanaçılıq elminin inkişafındakı xidmətlərindən söz açıblar.

Kitabxananın əməkdaşları alimin keşməkeşli həyatından, tələbəlik illərindən, ilk fəaliyyət istiqamətlərindən danışıblar.

R.Kazımovun qızı Leyla İbrahimova atasının yolunu davam etdirməkdən qurur duyduğunu söyləyib, tədbirin təşkilatçılarına minnətdarlığını bildirib.

Sonda alimin xatirəsinə həsr olunan “Rasim Kazımov – MEK-in təqdimatında” adlı videoçarx nümayiş etdirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.