REGİONLAR
Görkəmli oftalmoloq-alim Zərifə Əliyeva Averbax adına mükafata layiq görülən ilk qadın alim idi
Şirvan, 27 aprel, Mahir Babayev, AZƏRTAC
Şirvandakı Müalicə Diaqnostika Mərkəzində görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 94-cü ildönümü qeyd edilib.
AZƏRTAC xəbər verir ki, rayon icra hakimiyyətinin, səhiyyə işçilərinin, ziyalıların iştirak etdiyi tədbirdə Zərifə Əliyevanın zəngin həyat yolundan, onun pedaqoji və həkimlik fəaliyyətindən söhbət açılıb.
Mərasimdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Mərdan Camalov görkəmli oftalmoloq-alim, ictimai xadim Zərifə Əliyevanın zəngin və mənalı ömür yoluna nəzər salıb.
Şəhər mərkəzi xəstəxanasının baş həkimi Fərhad Səfərov akademikin müxtəlif göz xəstəliklərinin müalicə və profilaktikasına dair fundamental tədqiqatlarından, əldə etdiyi uğurlardan və yüksək mənəvi keyfiyyətlərindən danışıb. Qeyd olunub ki, gözün zədələnməsinin öyrənilməsi və profilaktikası sahəsindəki kəşflərinə görə Zərifə xanım SSRİ Tibb Elmləri Akademiyasının akademiki Averbax adına yüksək mükafata layiq görülən ilk qadın alim idi.
Çıxışlarda bildirilib ki, Zərifə xanımın fitri istedada malik novator alim, pak və nəcib insan, gözəl ana kimi yaşadığı mənalı ömür yolu hər bir alim və həkim üçün həyat və mənəviyyat dərsi, kamillik və müdriklik məktəbidir.
Tədbir alimin həyat və fəaliyyətindən bəhs edən filmin nümayişi ilə başa çatıb.