REGİONLAR
Görkəmli oftalmoloq-alim Zərifə Əliyevanın elmi fəaliyyəti tibb sahəsinə yeni uğurlar qazandırıb
Ağdam, 27 aprel, AZƏRTAC
Ağdam rayonunun Quzanlı qəsəbəsində keçirilən tədbirdə görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın Azərbaycan tibb elminin, xüsusilə oftalmologiyanın inkişafındakı müstəsna xidmətlərindən bəhs edilib.
AZƏRTAC xəbər verir ki, rayon mərkəzi xəstəxanasının baş həkimi Gülnar Abbasova və rayon icra hakimiyyətinin başçısı Raqub Məmmədov çıxış edərək Zərifə Əliyevanın mənalı və şərəfli ömür yolundan, zəngin elmi fəaliyyətindən, qazandığı uğurlardan danışıblar. Bildirilib ki, görkəmli alim bütün ömrünü ölkəmizdə oftalmologiya sahəsinin inkişafına, peşə ilə əlaqədar sonradan əmələ gələn göz xəstəliklərinin müalicəsinə həsr edib. Traxoma xəstəliyinin müalicəsinə, oftalmologiyanın müasir problemlərinə dair bir çox tədqiqatlar aparan görkəmli oftalmoloq-alim 12 monoqrafiya, dərslik və dərs vəsaitinin, 160-a yaxın elmi işin, 1 ixtira və 12 səmərələşdirici təklifin müəllifidir. Yüksək ixtisaslı səhiyyə kadrlarının hazırlanmasında böyük xidmətləri olmuş Zərifə xanımın elmi fəaliyyəti tibb sahəsinə yeni uğurlar qazandırıb.
Çıxışında tanınmış həkim, alim, eyni zamanda, qayğıkeş ana, sədaqətli ömür-gün yoldaşı olan Zərifə xanımın əziz xatirəsinin xalqımızın qəlbində daim yaşayacağı bildirilib.
Tədbirin sonunda akademik Zərifə Əliyevanın mənalı ömür yolu və elmi fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirilib.