REGİONLAR
Görkəmli oftalmoloq-alim Zərifə Əliyevanın xatirəsi yaddaşlardan heç vaxt silinməyəcək
Tərtər, 26 aprel, AZƏRTAC
Yüksəkixtisaslı səhiyyə kadrları hazırlanmasında böyük xidmətləri olmuş Zərifə xanım Əliyevanın elmi fəaliyyəti bütünlükdə ölkənin tibb sahəsi üçün mühüm töhfələr verib. Azərbaycan xalqı akademik Zərifə xanım Əliyevanın xatirəsini həmişə əziz tutur, xidmətlərini unutmur.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Yeni Azərbaycan Partiyası (YAP) Tərtər rayon təşkilatında görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 94-cü ildönümü münasibətilə keçirilən tədbirdə səsləndirilib.
Tərtər Rayon İcra Hakimiyyəti, YAP rayon təşkilatı və rayon mərkəzi xəstəxanasının birgə təşkilatçılığı ilə keçirilən tədbirdə əvvəlcə Zərifə xanım Əliyevanın xatirəsi yad edilib.
Rayon mərkəzi xəstəxanasının baş həkimi Yaşar Hüseynov, icra hakimiyyəti başçısının müavini Ramiz Şabanov və başqaları çıxış edərək, görkəmli oftalmoloq alimin mənalı ömür yolundan, pedaqoji və həkimlik fəaliyyətindən danışıb, oftalmologiya sahəsində göstərdiyi misilsiz xidmətləri, ixtira və yenilikləri barədə məlumat veriblər. Bildirilib ki, görkəmli alim Zərifə Əliyeva bütün ömrünü ölkəmizdə oftalmologiya sahəsinin inkişafına, peşə ilə əlaqədar sonradan əmələ gələn göz xəstəliklərinin müalicəsinə həsr edib. Gözdə traxoma xəstəliyinin müalicəsinə, oftalmologiyanın müasir problemlərinə dair bir çox tədqiqatlar aparan görkəmli oftalmoloq alim 12 monoqrafiya, dərslik və dərs vəsaitinin, 150-yə yaxın elmi işin, 1 ixtira və 12 səmərələşdirici təklifin müəllifidir.
Çıxışlarda gözəl ana, vəfalı ömür-gün yoldaşı, görkəmli oftalmoloq alim Zərifə xanım Əliyevanın xatirəsinin yaddaşlardan heç vaxt silinməyəcəyi vurğulanıb.