REGİONLAR
Görkəmli pedaqoq, maarifçi və şair Məhəmməd Tağı Sidqinin xatirəsi anılıb
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Naxçıvan Dövlət Texniki Kollecinin direktor əvəzi Asəf Ruşanov Məhəmməd Tağı Sidqinin həyat və yaradıcılığından geniş söhbət açıb.
Bildirilib ki, maarifçi şeirlərin müəllifi olan şair pedaqoji görüşlərində məktəbi “cəhalət dərdinin dərmanı”, müəllimi isə “cəhalət bağının bağbanı” adlandırıb. Görkəmli maarif xadiminin poetik öyüdnamələrində də elm ilə dünyanın abad olunmasının mümkünlüyündən, dünya dillərini öyrənməyin faydalarından, kamil insan olmaq qayəsindən geniş bəhs edilir. Digər ədib və ziyalılarımız kimi, maarif fədaisi şair Məhəmməd Tağı Sidqinin də fəaliyyəti, yaratdığı əsərlər, dövlətimiz tərəfindən yüksək qiymətləndirilir, onun ömür yolu və yaradıcılığı ətraflı öyrənilir.
Kollecin müəllimi Səadət Qocayevanın, kitabxanaçı Zəhra Haqverdiyevanın məruzələri dinlənilib. Məruzələrdə bildirilib ki, qədim Naxçıvan torpağının yetirdiyi ziyalılar sırasında Məhəmməd Tağı Sidqinin xüsusi yeri vardır. Onun zəngin, çoxşaxəli yaradıcılığı, qaynar fəaliyyəti XIX əsrin ikinci yarısı və iyirminci yüzilliyin əvvəllərində Azərbaycanda maarifin, ədəbiyyatın, filoloji fikrin, mədəniyyətin inkişafında mühüm rol oynayıb. Elmi-pedaqoji dəyərə malik yeddi dərsliyin müəllifi olan görkəmli maarif xadimi ədəbi yaradıcılıqla da məşğul olub. Onun qələminin məhsulu olan uşaq nəsrinin ilk mükəmməl nümunələri, ədəbi-fəlsəfi traktat, poeziya və tərcümə materialları Azərbaycanda maarifçi ədəbiyyatın inkişafında mühüm rol oynayıb.
Vurğulanıb ki, Naxçıvanda maarifçiliyin inkişafında xüsusi xidmətləri olan M.T.Sidqinin anadan olmasının 160 illiyinin qeyd edilməsi ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 20 avqust və Ordubad şəhərində görkəmli maarifçinin ev-muzeyinin yaradılması ilə bağlı 2014-cü il tarixli 17 sentyabr tarixli sərəncamları ədibin xatirəsinə böyük ehtiramın ifadəsidir.