MƏDƏNİYYƏT


Görkəmli rəssam Əyyub Hüseynovun yubiley sərgisi açılıb

A+ A

Bakı, 25 oktyabr, AZƏRTAC

Oktyabrın 25-də Azərbaycan Milli İncəsənət Muzeyində Əməkdar İncəsənət Xadimi, görkəmli rəssam Əyyub Hüseynovun anadan olmasının 100 illiyinə həsr olunmuş sərgi açılıb.

AZƏRTAC xəbər verir ki, Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə baş tutan sərgidə rəssamın ailə kolleksiyasında, Dövlət Rəsm Qalereyası və Azərbaycan Milli İncəsənət Muzeyinin fondunda saxlanılan əsərləri nümayiş olunur.

Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev çıxış edərək sərginin əhəmiyyətindən söz açıb. Mərhum sənətkarın həyat və yaradıcılığından bəhs edən nazir müavini deyib ki, pedaqoji fəaliyyəti ilə yanaşı, Əyyub Hüseynov daim mənzərə və portret janrlarında müxtəlif mövzularda rəngarəng tablolar yaradıb. Sənətkarın həyat və yaradıcılığından bəhs edən kitab çap olunub. Vurğulanıb ki, Ə.Hüseynov 10 ildən çox Əzim Əzimzadə adına Rəssamlıq Texnikumuna rəhbərlik edib. Həmin dövrdə burada təhsilini başa vurmuş neçə-neçə məzun bu gün ölkəmizdə tanınmış rəssamlar sırasındadır.

Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq Rəssamı Fərhad Xəlilov və Milli İncəsənət Muzeyinin direktoru, Əməkdar İncəsənət Xadimi Çingiz Fərzəliyev çıxış edərək unudulmaz rəssamın şərəfli ömür yolundan söz açıblar. Çıxışlarda deyilib ki, rəssamın yaratdığı sənət inciləri Azərbaycan incəsənətində özünəməxsus yer tutmaqla yanaşı, həm də böyük mənalılıq tutumuna malikdir. Qeyd olunub ki, sərgidə rəssamın təxminən 60 illik fəaliyyətinin məhsulu olan 55-dək boyakarlıq və qrafika əsəri nümayiş olunur. Rəssamın sonuncu sərgisi 90 illik yubileyi münasibətilə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən 2006-cı il noyabrın 22-də Bakıda Səttar Bəhlulzadə adına Sərgi Salonunda açılıb.

Dövlətimizin hər zaman mədəniyyət və incəsənətin inkişafına diqqət yetirdiyini söyləyən natiqlər belə tədbirlərin təşkil olunmasında göstərilən dəstəyə görə ölkə rəhbərliyinə təşəkkürlərini bildiriblər.

Sonda rəssamın oğlu Elnur Hüseynov atasının xatirəsinə göstərdikləri diqqət və ehtirama görə tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib. Daha sonra qonaqlar sərgi ilə tanış olublar.

Sərgi oktyabrın 29-dək davam edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.