MƏDƏNİYYƏT
Görkəmli rus şairi Sergey Yeseninin 120 illik yubileyi qeyd olunub
Bakı, 10 oktyabr, Zərəngiz Mansurova, AZƏRTAC
Azərbaycan Yazıçılar Birliyinin (AYB) "Natəvan" klubunda AYB-nin və Azərbaycanın Rus İcmasının təşkilatçılığı ilə XX əsrin görkəmli rus şairi Sergey Yeseninin 120 illik yubileyinə həsr edilmiş tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirə Azərbaycanın Rus İcmasının sədri, Milli Məclisin deputatı Mixail Zabelin S.Yeseninin yaradıcılığından söhbət açıb.
Sonra Rusiya Federasiyasının Azərbaycandakı səfiri Vladimir Doroxin S.Yeseninin 120 illiyinin ölkəmizdə qeyd edilməsini yüksək qiymətləndirib. "Bütün Yesenini sevənlər, Rusiyada da Yesenin poeziyasını sevənlər Azərbaycan xalqına minnətdardır. Yesenin Azərbaycanda yaşayıb, yazıb-yaradıb. Bu məmləkət, bu şəhər ona doğma olmuşdu. Yeseninin Azərbaycanda, Bakıda yazdığı şeirlər onun poeziyasında ən qiymətli əsərlərdir. Rus ədəbiyyatına diqqət, qayğı, məhəbbət, rus yazıçı və şairlərinin Azərbaycanda yubileylərinin keçirilməsi ənənəsi mükəmməl bir haldır. Buna görə də Azərbaycan mədəniyyəti Rusiyada yüksək dəyərləndirilir", - deyə səfir bildirib.
Tədbirdə AYB-nin sədri, Xalq yazıçıları - Anar, qurumun katibi, Çingiz Abdullayev, qurumun sədr müavini Nazim İbrahimov, Sergey Yeseninin ev Muzeyinin direktoru Nəzakət İbadova və başqaları Yeseninin Azərbaycanda da sevildiyini bildiriblər.
Sonda Oqtay Rza Sergey Yeseninə həsr etdiyi şeirini oxuyub.